Bakı. Trend:
Oktyabrın 29-dan 31-dək Kopenhagendə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Komitəsinin 74-cü sessiyası keçirilir.
Nazirlikdən Trend-ə verilən məlumata görə, sessiyada ÜST-nin Avropa regionunda ali idarəetmə orqanı olan Regional Komitənin 53 üzv dövlətinin səhiyyə nazirləri, digər rəsmiləri və beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər. Azərbaycan Respublikası sessiyada səhiyyə naziri Teymur Musayevin başçılıq etdiyi nümayəndə heyəti ilə təmsil olunur.
Tədbirin açılışında Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus qlobal səhiyyənin cari problemlərini qeyd edərək, Təşkilat tərəfindən bu çatışmazlıqların aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlər haqqında məlumat verib.
Öz növbəsində Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə Regional direktoru, ÜST-nin Avropa Regional Komitəsinin 73-cü sessiyasının sədri Hans Henri Klüge Avropa Regional Bürosunun ötən sessiyadan indiyədək gördüyü işlərə dair hesabat məruzəsi ilə çıxış edib.
Tedros Adhanom Qebreyesus və Hans Henri Klügenin çıxışlarından sonra ÜST-nin Avropa Regional Komitəsinin sessiyasının gündəliyi müzakirəyə təqdim edilib. Sessiyanın gündəliyinə ÜST-nin Avropa Regional Komitəsinin 74-cü sessiyasının sədrinin seçilməsi, ÜST-nin Avropa regionunda səhiyyənin vəziyyəti və qarşıya qoyulan məqsədlərə nail olmaq üçün Təşkilat tərəfindən “2020–2025-ci illər üzrə Avropa İş Proqramı”nın, “2030-cu ilə qədər olan dövr üçün Dayanıqlı İnkişaf sahəsinə dair Gündəlik” və həyata keçirdiyi digər strateji tədbirlərlə bağlı məsələlərin müzakirələri daxil edilib.
Səsvermənin nəticələrinə əsasən, Hans Henri Klüge yenidən Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Komitəsinin sədri seçilib.
Ümumdünya Səhiyyə Assambleyasının sessiyasında çıxış edən Azərbaycan nümayəndə heyətinin rəhbəri, səhiyyə naziri Teymur Musayev tədbir iştirakçılarını salamlayaraq, ilk növbədə Hans Henri Klugeni yenidən bu vəzifəyə seçilməsi münasibətilə təbrik edib.
Nümayəndə heyəti rəhbərinin sözlərinə görə, sağlamlığın təşviqi milli səviyyədə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq və daha güclü səhiyyə sistemlərini qurmaq üçün mühüm əhəmiyyət kəsb edir: “Qlobal miqyasda gözlənilən ömür uzunluğu artdığından, biz bütün vətəndaşların sağlamlığının qorunmasına xüsusi diqqət yetirməliyik. Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası”nın hədəflərindən biri də vətəndaşların sağlam həyat tərzinin təmin edilməsidir”.
Azərbaycanda milli səhiyyə sisteminin gücləndirilməsi, insan kapitalının inkişafı və səhiyyənin maliyyələşdirilməsi istiqamətində son 20 ildə mühüm işlərin görüldüyü diqqətə çatdırılıb: “Ötən dövr ərzində 700-dən çox tibb müəssisəsi tikilib və əsaslı təmir olunub, müasir tibbi avadanlıqlarla təchiz edilib”.
Teymur Musayev 2021-ci il aprelin 1-dən etibarən bütün ölkə üzrə icbari tibbi sığortanın tətbiqinin respublikanın sosial-iqtisadi həyatında mühüm hadisə olduğunu və səhiyyə sisteminin maliyyələşdirilməsi üçün yeni iqtisadi əsasların yaradıldığını qeyd edib.
Nazir çıxışında 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edildiyini xüsusilə vurğulayıb: “Dövlət başçısının Sərəncamında qeyd olunur ki, Azərbaycan Respublikası beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir. Azərbaycan həmişə “yaşıl” gündəliyə sadiq olub və bu ilin noyabrında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməsi bunun əyani sübutudur”.
Azərbaycan nümayəndə heyətinin rəhbəri bildirib ki, ölkəmiz COP29-un sədri qismində “İqlim davamlılığı üçün insan inkişafı üzrə Bakı Təşəbbüsü”nü irəli sürüb: “Bu təşəbbüs təhsil, səhiyyə və məşğulluq sahələrində sektorlararası əməkdaşlığın daha da möhkəmlənməsinə və bir-birini tamamlanmasına yönəlib”.
Nazir “Böyük Qayıdış” Proqramı çərçivəsində Azərbaycan hökuməti tərəfindən işğaldan azad edilən ərazilərin bərpası və yenidən qurulması istiqamətində mühüm işlərin görüldüyünü diqqətə çatdırıb: “Əvvəllər işğal olunmuş torpaqların mina və partlayıcı maddələrlə hədsiz dərəcədə çirklənməsi Proqramda nəzərdə tutulan tədbirlərin reallaşmasına ciddi əngəl törədir. İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra mina partlayışları nəticəsində əksəriyyəti mülki şəxslər olmaqla 381 vətəndaş həlak olub və ya ağır yaralanıb. Bu, bizim səhiyyəmiz üçün müəyyən çətinliklər yaradır”.
“Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Ümumdünya Səhiyyə Təşkilatının ölkə ofisi ilə birgə azad edilən ərazilərə əhalinin sağlam inteqrasiyası üçün psixoloji dəstək layihəsinə başlayıb. “Hər kəs üçün sağlamlıq” gündəliyinə sadiq qalaraq, biz bütün ölkə üzrə keyfiyyətli tibbi xidmətlərə çıxışı təmin edəcəyik”, - deyə Teymur Musayev fikrini tamamlayıb.
Oktyabrın 31-i yekunlaşacaq tədbir panel sessiyalarda müxtəlif mövzular ətrafında müzakirələrlə davam edəcək.
Regional Komitə Ümumdünya Səhiyyə Təşkilatının Avropa regional bürosunun rəhbər və qərarverici orqanıdır. Onun sessiyası isə əhalinin sağlamlıq və rifah vəziyyətini yaxşılaşdırmaq məqsədini daşıyan strategiyaların müzakirəsi və təsdiqlənməsi məqsədilə hər il səhiyyə nazirlərini bir araya gətirən regionda ictimai sağlamlıq məsələləri üzrə əsas toplantıdır.