Bakı. Trend:
Neftçala Sənaye Məhəlləsinə sahibkarlar tərəfindən bugünədək 46,12 milyon manat investisiya yatırılıb, mövcud layihələr üzrə əlavə olaraq 14,4 milyon manat investisiyanın da yatırılması nəzərdə tutulur.
Bunu Trend-ə açıqlamasında İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin mətbuat xidmətinin rəhbəri Elçin Kazımov deyib.
O bildirib ki, İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Neftçala Sənaye Məhəlləsində indiyədək 180 milyon manatdan çox məhsul istehsal edilib.
Qurum sözçüsünün sözlərinə görə, bunun da 1 milyon manatlıq hissəsi ixracın payına düşür:
“2024-cü ilin 9 ayında isə Sənaye Məhəlləsində 30 milyon manatlıq məhsul satışı həyata keçirilib. Bugünədək Neftçala Sənaye Məhəlləsinin rezidentləri tərəfindən 46,2 milyon manat investisiya yatırılıb, 290-a yaxın daimi iş yeri yaradılıb”.
“Növbəti mərhələdə mövcud layihələr üzrə əlavə olaraq 200-dən artıq iş yerinin yaradılması nəzərdə tutulur”, - deyə E.Kazımov vurğulayıb.