Bakı. Trend:
Milli Depozit Mərkəzi (MDM) 2023-cü ili 69 min manat zərərlə başa vurub.
Bu barədə Trend Milli Depozit Mərkəzi (MDM) 2023-cü il üzrə maliyyə hesabatına istinadən xəbər verir.
Məlumata görə, MDM 2022-ci ildə 712 min manat xalis mənfəət əldə edib, lakin bu tendensiya növbəti ildə davam etməyib. Belə ki, Mərkəzin açıqladığı maliyyə hesabatına görə, MDM ötən ili 69 min manat zərərlə başa vurub.
Bundan başqa, 2023-cü ildə Mərkəzin əməliyyat gəlirləri 10% artaraq 4,76 milyon manata bərabər olub. 2022-ci il üzrə bu rəqəm 4,32 milyon manata bərabər olub.
Hesabat dövründə MDM-in əməkhaqqı xərcləri dəyişməyərək 2,03 milyon manat, sosial ödəmələr üzrə xərcləri 4,3% artaraq 490 min manat, amortizasiya xərcləri 25% azalaraq 415 min manat təşkil edib.
Eyni zamanda MDM-in peşəkar xidmətlərə görə xərcləri 217 min manat, istifadə olunmamış məzuniyyət xərcləri 78 min manat, sığorta xərcləri 13 min manat, əlavə inzibati xərcləri 496 min manat təşkil edib.
Milli Depozit Mərkəzinin digər gəlirləri 2022-ci ilə nisbətən 3 dəfə azalaraq 196 min manata enib. Belə ki, 2022-ci ildə bu göstərici 549 min manata bərabər olub. Bununla yanaşı, 2023-cü il üzrə Mərkəzin 1,55 milyon manat digər xərcləri yaranıb.