Bakı. Trend:
Özbəkistan Respublikasında səfərdə olan Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva oktyabrın 28-də Daşkənd Dövlət Hüquq Universitetinin müəllim və tələbə heyəti ilə görüş keçirib.
Trend xəbər verir ki, bu barədə Ombudsman Aparatı məlumat yayıb.
Bildirilib ki, görüşdə Özbəkistan Respublikasının Ali Məclisinin İnsan Hüquqları üzrə Müvəkkili Feruza Eşmatova da iştirak edib.
Ombudsman Səbinə Əliyeva görüşdə çıxış edərək, Özbəkistanda keçirilmiş seçkilərdə aparılmış müşahidələr zamanı seçici fəallığının müşahidə olunduğunu və insanların kütləvi şəkildə seçkilərdə iştirak etdiyini qeyd edib.
Müvəkkil, həmçinin insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində həyata keçirdiyi fəaliyyəti barədə də tədbir iştirakçılarına məlumat verib.
Eyni zamanda, Ombudsman tərəfindən İkinci Qarabağ müharibəsi və postmüharibə dövründə həyata keçirilmiş faktaraşdırıcı missiyaların nəticələrinə əsaslanan, eləcə də Azərbaycan torpaqlarının otuzillik işğalı dövründə Ermənistan tərəfindən törədilmiş insan hüquqları pozuntularına, nifrət cinayətlərinə dair hesabatların hazırlandığını, beynəlxalq təşkilatlara, xarici ölkələrin ombudsman və milli insan hüquqları institutlarına göndərildiyi diqqətə çatdırılıb, tələbələri maraqlandıran suallar ətraflı cavablandırılıb.