Bakı. Trend:
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev yerli hüquq mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərləri ilə birlikdə Hacıəlibəy kəndində növbəti dəfə səyyar qəbul keçirib.
Trend xəbər verir ki, qəbulda Hacıəlibəy İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə daxil olan Hacıəlibəy, Ağyazı Buduq, Bayoba, Suxtalaqışlaq kəndlərinin və Arzu qəsəbəsinin sakinləri iştirak edib.
Sakinlər elektrik təsərrüfatının yenilənməsi, su təchizatının yaxşılaşdırılması, yolların təmiri və torpaq sahəsinin sənədləşdirilməsinə köməklik göstərilməsi ilə bağlı müraciətlər səsləndiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll edilib.
Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Səyyar qəbuldan sonra Hacıəlibəy kəndində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası təşkil olunub. Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq mühafizə orqanlarının rəhbərləri və sakinlər əraziyə yerli iqlim şəraitinə uyğun gələn yeni ağaclar əkiblər.