Bakı. trend:
Rəqəmsal həllər taxıl istehsalının məhsuldarlığının və səmərəliliyinin idarə edilməsində mühüm rol oynayır. Hər il bu innovativ texnologiyalar ölkənin müxtəlif taxılçılıq regionlarında 15000 hektara qədər sahədə tətbiq olunur.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzindən (AİM) bildirilib.
Qurumdan verilən məlumata görə, onlar əkin vaxtını dəqiq müəyyən etməyə, lazımi gübrələrdən istifadə etməyə, torpağın nəmliyinə və məhsul yığımı üçün optimal vaxta nəzarət etməyə imkan verir: “Bu, əmək, su, gübrə və ümumilikdə istehsal xərclərini azaltmaqla yanaşı, istehsalın səmərəliliyini artırmağa imkan verir. Hazırda ölkədə bu istiqamətdə təsərrüfatlar fəaliyyət göstərməkdədirlər. Bu baxımdan ölkədə bir çox taxılçılıq təsərrüfatları torpaqda nəmliyin qorunub saxlanması və torpaqların alt münbit olmayan qatının üzə çıxarılmaması və yüksək məhsuldarlıq göstəricilərinin əldə edilməsi üçün innovativ torpaqqoruyucu texnologiyalardan istifadə edirlər. Bunun üçün ağılllı kənd təsərrüfatı texnikalarından istifadə olunur. Xüsusilə torpaq becərmədə, torpağın səpinə hazırlanmasında, səpin aparılmasında, gübrələmə və dərmanlama proqramlarının icrasında istifadə edilən texnikalar GPS naviqasiya sistemlərilə təchiz edilib”.
“Belə texnikalar vasitəsilə həyata keçirilən texnoloji və digər əməliyyatlar, demək olar ki, baş verə biləcək xətaları minimuma endirir. Odur ki, belə təchiz olunmuş ayrı-ayrı taxılçılıq təsərrüfatlarda ərzaqlıq buğdanın orta məhsuldarlıq göstəriciləri yüksək olub hektara 55-60 sentner arasında dəyişib. Eyni zamanda istehsal olunan buğda məhsulunun keyfiyyəti də yüksək olub dövlət standartının tələblərinə cavab verir. Hər il bu innovativ texnologiyalar ölkənin müxtəlif taxılçılıq regionlarında 15000 hektara qədər sahədə tətbiq olunur”, - deyə məlumatda qeyd olunub.
Qeyd edək ki, bu ilin ilk 9 ayı ərzində Azərbaycan 8 milyon 719 min ABŞ dolları dəyərində taxıldan, undan, nişastadan və ya süddən alınan hazır məhsullar, eləcə də un qənnadı məmulatları ixrac edib. Ölkənin qeyd olunan məhsullar üzrə ümumi idxala çəkdiyi xərc isə 142 milyon 789 min ABŞ dolları təşkil edib.