Bakı. Trend:
Eldəniz Əzizlidən gözləntilərimiz böyükdür. Çünki bütün görüşlərində böyük üstünlüklə qələbə qazandı.
Trend xəbər verir ki, bunu İdman.biz-ə Azərbaycan millisinin yunan-Roma güləşçisi Rafiq Hüseynov (77 kq) deyib.
O, Albaniyanın paytaxtı Tiranada bu gün medal uğrunda xalçaya çıxacaq güləşçilərimizin şanslarını dəyərləndirib. Hüseynov bildirib ki, Eldəniz Əzizlinin rahat qələbə qazanacağına inanır:
“İranlı Poya Marz da elə-belə güləşçi deyil. Eldəniz bu görüşdə taktikadan istifadə etməlidir. Özünün parter götürmək taktikasından. Ayaq üstə fənd etsə Əzizli qalib gələcək. Çünki iranlı güləşçilərin yalandan itələşməyi, vuruşmağı var. Amma texniki göstəriciləri çox zəifdir. Yalnız fiziki göstəriciləri hesabına güləşirlər”.
Hüseynov Nihat Məmmədlinin də şanslarını yüksək dəyərləndirib:
“Nihat Məmmədli 60 kq-da Avropa çempionudur. Amma bu dəfə 63 kq-da özünü doğrultdu. Ən güclülərə qalib gələrək finala çıxdı. Nihatın güləş stili çox xoşuma gəlir. Etalon güləş göstərir. Fikirləşirəm ki, qazaxıstanlı Yerjet Jarlikassinə qalib gəlməlidir. Amma gözlənilməz nəticə də ola bilər”.
Olimpiya mükafatçımızın sözlərinə görə, Ülvi Qənizadənin işi çətin olacaq:
“Ona fransalı İbrahim Qanemə qarşı heç də asan olmayacaq. Çünki son dəfə ona qalib gələndə çox çətinlik çəkmişdi. Fransalı ayaq üstündə çox temp verən güləşçidir. Qənizadə əgər yorulmasa, dözə bilsə onu uda biləcək. İbrahim bütün görüşlərində tempin, yüksək təzyiqin hesabına qalib gəlib. Ümid edirəm ki, hər 3 idmançımız çempion olacaq. Bu, Azərbaycan güləşinin adıdır. Onların çempionluğu bizim çempionluğumuzdur”.
Millimizin güləşçisi bildirib ki, Qurban Qurbanovun bürünc medal qazanmaq şansı yüksək deyil:
“Bu, onun böyüklərdə ilk sınağı idi. Təsəlliverici görüşdəki rəqibi heç də zəif deyil. Özbəkistanlı Jalqasbay Berdimuratov Asiya çempionu, dünya çempionatının gümüş medalçısıdır. Mən də onunla 2 dəfə qarşılaşmışam. Birində qalib, digərində məğlub olmuşam. Ümid edək ki, ona qalib gəldikdən sonra 3-cü yer üçün daha rahat güləşər. Amma Qurban üçün heç də asan olmayacaq”.
Qeyd edək ki, mundial oktyabrın 31-də yekun vurulacaq.