...

COP29-un Azərbaycanda keçirilməsi ölkəmizə nə qazandıracaq? - RƏY

Yaşıl iqtisadiyyat Materials 2 İyul 2024 19:15 (UTC +04:00)
COP29-un Azərbaycanda keçirilməsi ölkəmizə nə qazandıracaq? - RƏY
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un Azərbaycanda keçirilməsi, təkcə ölkəmiz üçün deyil, iqlim dəyişikliklərindən əziyyət çəkən bütün bölgələr, o cümlədən Cənubi Qafqaz üçün də mühüm tarixi əhəmiyyətə malikdir.

Bunu Trend-ə açıqlamasında siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

O bildirib ki, iqlim dəyişiklikləri həyatın bütün sahələrinə təsir göstərir, birbaşa və ya dolayısıyla fundamental insan hüquqlarının, o cümlədən yaşamaq, mənzil, su, qida, sağlamlıq, inkişaf, gender bərabərliyi, yüksək həyat standarları və digər hüquqların lazımi səviyyədə həyata keçirilməsinə mane olur.

"Bu baxımdan, COP29-un ölkəmizdə keçirilməsi Azərbaycanın iqlim dəyişiklikləri ilə mübarizədə ardıcıl və qətiyyətli mövqeyini, həmçinin, yaşıl enerjiyə keçirdlə bağlı göstərilən səyləri ifadə etməklə yanaşı, həm də həyatın bütün sahələrində yüksək standartların təşviq və tətbiq edilməsinə öz töhfəsini verəcək.

Məlum olduğu kimi, müasir dünyada bir-biri ilə zəncirvari əlaqədə olmayan, bir-birini tamamlamayan və həmçinin, qarşılıqlı əlaqədə olmayan heç bir istiqamət yoxdur. Əgər iqlim dəyişiklikləri iqtisadiyyatdan, maliyyə sabitliyindən başlamış fundamental insan hüquqlarının kompleks şəkildə qorunmasına öz təsirini göstərirsə, o zaman bütün bu proseslərinin ana xəttini təşkil edən siyasi aspektləri də əhatə edir. Məhz bu baxımdan, COP29-un ölkəmizdə keçirilməsinin və Azərbaycanın bütün bəşəriyyət həyati önəm kəsb edən mövzuların müzakirə edildiyi bir platformaya çevrilməsinin həm də böyük siyasi əhəmiyyəti var.

Şübhəsiz ki, dünyanın əksər ölkələrindən dövlət və hökumət başçılarının, ayrı-ayrı nüfuzlu beynəlxalq təşkilatların və müxtəlif ölkələrin yüksək vəzifəli rəsmilərin, mütəxəssislərin, nüfuzlu media resurslarının nümayəndələrinin və digər şəxslərin qatılacağı bu konfrans Azərbaycanın daha yaxından tanınmasına rəvac verəcək və ölkəmizin beynəlxalq nüfuzunun daha da yüksəldilməsinə zəmin yaradacaq. Digər tərəfdən, sözügedən konfrans ölkəmizin yaşıl enerji iqtisadiyyatına keçirdinin sürətləndirilməsinə kömək edəcək və qonşu ölkələrə də öz təsirini göstərəcək.

COP29 Azərbaycanın humanitar problemlərin, mədəniyyətlərarası dialoq və digər bu kimi önəmli məsələlərin müzakirə olunduğu vahid məkan statusunu daha da möhkəmləndirəcək və bununla da ölkəmizin qlobal məsuliyyətini yüksək səviyyədə dərk edən, humanizm prinsiplərinin təşviqini həyata keçirən dir dövlət olaraq, fəaliyyət dairəsi daha da böyüyəcək. Bu da öz növbəsində çoxsaylı ölkələrlə yeni əməkdaşlıq perspektivlərinə yol açacaq, iqtisadi, siyasi və mədəni əlaqələrimizi daha da genişləndirəcək.

COP29 istər Azərbaycan, istərsə də Azərbaycanı daha yaxından tanımaq istəyənlər üçün böyük bir fürsətdir", - siyasi şərhçi əlavə edib.

Siyasi təhlilçi Aqşin Kərimovun sözlərinə görə isə, Azərbaycan çalışır ki, COP29 çərçivəsindəki iqlim dəyişikliyinə qarşı mübarizə geosiyasi münaqişələrin aradan qaldırılması üçün birləşdirici platforma rolunu oynasın. Buna görə də fikir irəli sürə bilərik ki, Azərbaycan COP29-un geosiyasi əhəmiyyətlərini universal perspektiv kimi hədəfləyir.

"Azərbaycan COP29-la beynəlxalq miqyasda iqlim təhlükəsizliyi istiqamətində öhdəliklərini vurğulayan istiqamətlər qazanır. Əvvəllər geosiyasət əsasən təhlükəsizlik və iqtisadi narahatlıqlarla ifadə olunurdu. Bu gün isə iqlim dəyişikliyi mövzusu sürətlə kritik geosiyasi məsələyə çevrilir. Azərbaycan iki prioritetlə həmin istiqamətə keçid edərək söz sahibliyinə yiyələnmək istəyir. Birincisi, Azərbaycan yaşıl enerjiyə keçid edir və yaşıl enerji resurslarının ixracı potensialı ilə diqqət çəkir. İkincisi, Azərbaycan xarici siyasətdəki prioritetlərinə iqlim dəyişikliyi ilə mübarizə çalarları qataraq regional və beynəlxalq geosiyasi faydalar qazanır”, - deyə A.Kərimov əlavə edib.

Təhlilçinin fikrincə, COP29 çərçivəsində Azərbaycana beynəlxalq səviyyədə verilən dəstəklər rəsmi Bakının strateji prioritetləri üçün faydalıdır.

“Regional sülh və təhlükəsizlik mövzuları, Ermənistanla sülh müqaviləsinin imzalanması Azərbaycanın gündəliyinə daxildir. Azərbaycanın strateji prioritetlərindən danışarkən deyə bilərik ki, o, COP29-u Ermənistanla sülhə aparan alternativ bir variant kimi diqqətdə saxlayır. Əgər COP29 miqyasında Azərbaycana əhəmiyyətli dəstəklər varsa, bu, avtomatik olaraq Bakının İrəvan qarşısında sürdüyü şərtlər əsasındakı sülh gündəliyinə də həlledici tərəfdar toplayır”,- deyə A.Kərimov bildirib.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP) hər il keçirilir və sədrlik BMT-nin beş regionu arasında rotasiya olunur.

Azərbaycan Tərəflər Konfransının bu ilin noyabrında Bakıda keçiriləcək 29-cu sessiyasına (COP29) sədrlik edəcək. Tədbirin keçiriləcəyi məkan olaraq Bakı Stadionu seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti