...

İqlim dəyişmələri kontekstində dünyada insan hüquqlarının müdafiəsi Azərbaycan üçün prioritetdir

Yaşıl iqtisadiyyat Materials 2 Oktyabr 2024 16:23 (UTC +04:00)
İqlim dəyişmələri kontekstində dünyada insan hüquqlarının müdafiəsi Azərbaycan üçün prioritetdir

Bakı. Trend:

Müasir dünyada ən aktual qlobal çağırışlardan biri olan iqlim dəyişikliyi təkcə ekoloji problemlərə səbəb olmur, həm də insan hüquqlarına ciddi təhlükə yaradır. Yer kürəsinin iqlimi dəyişdikcə, təsirlər müxtəlif regionlar arasında qeyri-mütənasib şəkildə hiss edilir, həyat, sağlamlıq, qida, su, mənzil təminatı və digər bir sıra fundamental insan hüquqlarını pozur. Bu mənada iqlim dəyişikliyinin fəsadlarının qaşısının alınması, aradan qaldırlması insan hüquqlarının təminatı baxımından da müstəsna önəm kəsb edir.

Günümüzdə iqlimlə bağlı baş verənlər hətta yaşamaq hüququnu da müxtəlif yollarla təhdid edir. Qlobal temperaturun, ekstremal hava hadisələrinin tezliyinin artması və dəniz səviyyəsinin qalxması qasırğa, daşqın və meşə yanğınları kimi daha çox təbii fəlakətlərə səbəb olur. Bu hadisələr demək olar ki, indi hər il milyonlarla insana təsir edən həyat itkisinə və miqrasiyaya səbəb olur. Bəzi ada dövlətləri dəniz səviyyəsinin yüksəlməsi səbəbindən ekzistensial təhlükələrlə üzləşirlər. Onların bir çox vətəndaşları artıq “iqlim miqrasiyası”nı yaşamalı olub. Təəssüf ki, qaçqınlarla bağlı mövcud beynəlxalq qanunlar “iqlim miqrasiyası”nı yaşayanları əhatə etmir. Bu da milyonlarla insanı lazımi hüquqi müdafiədən məhrum edir.

Qeyd edilənlərlə yanaşı, iqlim dəyişikliyi insanların, xüsusilə uşaqlar, qocalar və yoxsulluq şəraitində yaşayanlar kimi ən həssas əhali qruplarının sağlamlıq hüququnu təhdid edir. Eyni zamanda iqlim dəyişikliyi həm də insanların yaşaması üçün iki əsas ehtiyac olan qida və su hüququna birbaşa təhlükə yaradır. Qlobal temperatur yüksəldikcə kənd təsərrüfatı məhsuldarlığı azalır. Uzun sürən quraqlıqlar, daşqınlar və dəyişkən xaraker alan yağıntılar dünyanın müxtəlif yerlərində məhsul çatışmazlığına səbəb olmaqdadır. Hazırda dünyada bir çox regionlar uzun sürən quraqlıq və buzlaqların azalması səbəbindən şirin su ehtiyatlarının azalması ilə üzləşir.

Bununla yanaşı, iqlim dəyişikliyi nəticəsində mənzil hüququ müxtəlif formada pozulur. Təbii fəlakətlər və ekstremal hava hadisələri evləri dağıdır və böyük köçlərə gətirib çıxarır. İqlimlə bağlı hadisələr səbəbindən evlərini və dolanışıq vasitələrini itirən insanlar köç etdikləri yeni yerlərdə bəzən ayrı-seçkiliklə, yoxsulluqla, mənzil təminatı problemləri ilə üzləşirlər. Bütün qeyd olunanlar kontekstində iqlim dəyişikliyinə insan hüquqları obyektivi ilə yanaşmaq zəruridir. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-a ev sahibliyi etməyə hazırlaşan Azərbaycan bu məqama da xüsusi diqqət edərək, onu beynəlxalq səviyyədə gündəmə gətirir. “İqlim dəyişikliyi və İnsan Hüquqları: Ombudsman və Milli İnsan Hüquqları İnstitutlarının rolu” mövzusunda Ombudsmanların Beynəlxalq Bakı Forumu da buna xidmət edən daha bir mühüm hadisədir.

Forum burada aparılan müzakirələr bütün bəşəriyyət üçün xüsusi aktuallıq kəsb edir. Prezident İlham Əliyev Beynəlxalq Bakı Forumunun iştirakçılarına müraciətində qeyd edir ki, iqlim dəyişmələri yalnız dövlətlərin sosial-iqtisadi rifahına deyil, sadə insanların gündəlik həyatlarına və yaşam tərzlərinə də birbaşa və ya dolayı yolla təsir göstərir, əsas insan hüquqlarının müdafiəsi və təminatı baxımından bir sıra ciddi çətinliklər yaradır. Dövlət başçısı vurğulayır ki, Forum iqlim dəyişmələrinin yaratdığı problemlər və onların həlli yollarının insan hüquqları perspektivindən müzakirə edilməsi, bu sahədə mövcud müsbət təcrübə mübadiləsinin aparılması baxımından əhəmiyyətə malikdir.

Bu və digər tədbirlərin təşkilində Azərbaycanın əsas məqsədi iqlim dəyişmələri kontekstində insan hüquqlarının müdafiəsi sahəsində yeni təşəbbüslərin və yanaşmaların irəli sürülməsinə, bu hüquqların təminatına ciddi maneə yaradan hallarla mübarizə istiqamətində ümumi səylərin birləşdirilməsinə nail olmaqdır. Bu kimi məsələlərin COP29 zamanı da əsas diqqət mərkəzində yer alacağı gözlənilir.

Azərbaycan iqlim ədaləti konsepsiyasının tətbiqində maraqlı ölkədir. Çünki bu, iqlim dəyişikliyi nəticəsində hüquqları pozulan şəxslərin hüquqlarının bərpa olunmasına və digər pozuntuların aradan qaldırlmasına xidmət edir. Eyni zamanda Azərbaycanın yanaşması iqlim siyasətinin əhatəli olmasını təmin etməyə və bütün insanların, xüsusən də həssas qrupların hüquqlarını qorumağa, bunun üçün müvafiq fəaliyyət göstərilməsinə hesablanıb.

MTM Analitik Qrup

Xəbər lenti

Xəbər lenti