Bakı. Trend:
Türkiyənin İzmir vilayətində meşəlik ərazidə başlayaraq yaşayış yerlərinə qədər yayılan yanğın üç nəfərin piknik məqsədilə getdikləri ərazidə yandırdıqları tonqal səbəbindən baş verib.
Trend xəbər verir ki, bu barədə Türkiyənin kənd və meşə təsərrüfatı naziri İbrahim Yumaklı bildirib.
Ölkədə davam edən yanğınlarla bağlı açıqlama verən nazir deyib ki, İzmirin Karşıyaka rayonunda avqustun 15-i axşam saatlarından başlayan yanğın gərgin müdaxilə nəticəsində şiddətini azaldıb. Hazırda İzmirin Karşıyaka, Bayraklı və Çiğli rayonları sərhədlərindəki meşə sahələrində, bəzi evlər və sənaye obyektlərində alovla mübarizə hələ də davam edir. Şəhərin bir çox yerindən qatı tüstü görünür. Meşəlik ərazilərə yaxın bölgələrdə yerləşən bəzi evlər, o cümlədən onmərtəbəli yaşayış binası və avtomobillər yanğından zərər görüb. Hazırda yaşayış yerləri üçün təhlükə yoxdur.
Bildirilib ki, ölkə üzrə baş verən bütün yanğınlarında insan tələfatı olmayıb. Aparılan istintaq nəticəsində yanğın hadisələri ilə bağlı İzmirdə 2, Boluda isə 4 nəfər saxlanılıb.
Nazir əhaliyə xüsusilə sentyabrın 15-ə qədər yanğınlara qarşı tədbirli olmaları ilə bağlı xəbərdarlıq edib. Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Fahrettin Altun açıqlamasında bildirib ki, ölkə üzrə ümumilikdə 72 yanğın baş verib, onlardan 45-i nəzarətə götürülüb, 27 yanğına müdaxilə davam edir.
Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) verilən son məlumata əsasən, hazırda İzmir, Aydın, Bolu, Muğla ve Manisa vilayətlərində baş verən yanğınların söndürülməsi istiqamətində işlər davam edir. Bu bölgələrə ümumilikdə 90 aviatexnika, 1218 vasitə və 4717 nəfərdən ibarət canlı qüvvə cəlb edilib. Qabaqlayıcı tədbirlər çərçivəsində 3583 nəfər təxliyə olunub. Türkiyənin bütün aidiyyatı qurumları bu bölgələrə səfərbər edilib. Yanğınların baş verdiyi ərazilərə yaxın bölgələrdəki vətəndaşların təxliyəsi davam edir.