...

ADP Qurban Məmmədov və Zəminə Dünyamalıyevanın məsələsinə baxacaq

Siyasət Materials 3 Oktyabr 2006 15:12 (UTC +04:00)

Azərbaycan Demokrat Partiyası (ADP) Ali Məclisi Rəyasət Heyətinin növbəti həftə keçiriləcək toplantısında Məclis üzvləri Qurban Məmmədov və Zəminə Dünyamalıyevanın məsələsi müzakirə olunacaq. Bu barədə Trend ə ADP sədrinin müavini Həsrət Rüstəmov bildirib.

Qeyd edək ki, ADP İdarə Heyətinin sentyabrın 25-də keçirilən toplantısında qərara alınmışdı ki, partiyanın siyasi xəttinə qarşı çıxdıqlarına görə Məclisin adıçəkilən üzvlərinin məsələsi Ali Məclisin Rəyasət Heyətində müzakirə olunsun.

H.Rüstəmov qeyd edib ki, partiyanın Ali Məclisinin növbəti toplantısı bu ayın sonunadək keçiriləcək: "Rəyasət Heyətinin iclası isə gələn həftəyə planlaşdırılıb". ADP rəsmisi onu da qeyd edib ki, Q.Məmmədov və Z.Dünyamalıyeva ilə söhbətlər aparılacaq ki, nəyə görə onlar partiyanın siyasi kursuna və rəhbərliyinə qarşı çıxırlar. H.Rüstəmov vurğulayıb ki, Rəyasət Heyətinə Ali Məclisin sədri, müavinləri, komissiya sədrləri və partiya sədrinin müavinləri daxildirlər.

ADP rəsmisi Ali Məclisin digər müavini olan Faiq Rzayevin də məsələsinə baxılacağını deyib: "Bu şəxsin 2005-ci il parlament seçkilərindən sonra işə çıxmamasının səbəbi araşdırılacaq".

ADP 1991-ci ildə yaradılıb. Partiyanın ilk sədri Sərdar Cəlaloğlu seçilib. 1996-cı ildə Ədalət Partiyasının ADP-yə birləşməsi nəticəsində İlyas İsmayılov partiya sədri seçilib. 1998-ci ildə eks-spiker Rəsul Quliyevin sədri olduğu Ekologiya Fondu ADP-yə birləşdikdən sonra isə həmsədrlik institutu yaradılıb. Rəsul Quliyevlə İlyas İsmayılov partiyanın həmsədri olublar. 2000-ci ildə İ.İsmayılov Ədalət Partiyasını ADP-dən ayırdıqdan sonra R.Quliyev partiya sədri seçilib. ADP "Azadlıq" siyasi blokunda təmsil olunur.

Xəbər lenti

Xəbər lenti