Azərbaycan, Bakı, 3 fevral /Trend/
"Eurovision 2012" mahnı müsabiqəsində Azərbaycan təmsilçisini müəyyən etmək üçün keçirilən milli seçim turunun yarımfinal mərhələsi bu gün başa çatır.
Trend-in cümə günü müsabiqənin rəsmi saytına istinadən yaydığı məlumata görə, 8 iştirakçı bu gün saat 21:00-da İctimai Televiziyanın canlı efirində yarımfinal mərhələsində son performanslarını göstərəcək.
Final uğrunda Orxan Kərimli, Məryəm Kərimova, Xəyyam Mustafazadə, Fəqan Səfərov, Elton İbrahimov, Adil Baxışlı, Səbinə Babayeva və Arzu İsmayılova mübarizə aparır. Bu 8 yarımfinalçıdan yalnız 5 nəfərin finala keçmək şansı var.
Seçimlər izləyicilərin SMS səsverməsi və münsiflər heyətinin rəyi əsasında aparılır.
Azərbaycan 2011-ci ilin mayında Düsseldorfda keçirilən "Eurovision" müsabiqəsində qələbə çalaraq Avropanın məşhur yarışmasına ev sahibliyi etmək hüququ qazanıb.
May ayının 22-si və 24-də "Eurovision 2012"-nin yarımfinal, 26-da isə final mərhələsi keçiriləcək.
57-ci "Eurovision" mahnı müsabiqəsi Bayraq meydanında inşa olunan "Baku Crystal Hall"da baş tutacaq.