...

Azərbaycanın və Moldovanın müharibə veteranları və qazilərinin görüşü keçirilib

Cəmiyyət Materials 22 Oktyabr 2023 20:54 (UTC +04:00)
Azərbaycanın və Moldovanın müharibə veteranları və qazilərinin görüşü keçirilib

Bakı. Trend:

Oktyabrın 22-də Azərbaycan Respublikasının Moldova Respublikasındakı Səfirliyində Azərbaycanın xüsusi təyinatlılarının qaziləri, Vətən müharibəsinin iştirakçıları, Vətən uğrunda canlarından keçmiş şəhid ailələrinin nümayəndələri ilə 1990-cı illərdə Moldovanın ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarda iştirak etmiş bu ölkənin veteranları arasında görüş keçirilib.

Ölkəmizin Moldovadakı səfirliyindən Trend-ə bildirilib ki, əvvəlcə tədbir iştirakçıları Azərbaycan səfirliyinin önündəki parkda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin büstü önünə və Qələbə barelyefinə gül dəstələri düzüblər.

44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın ərazi bütövlüyünün bərpasının üçüncü ildönümünə həsr olunan görüşdə Moldova Baş nazirinin veteranlar məsələləri üzrə müşaviri Konstantin Kovriq, Moldova müdafiə nazirinin veteranlar məsələləri üzrə müşaviri Anatoli Koçuq, “Veteranlar liqası” İctimai Təşkilatının sədr müavini Vladimir Mixay və Moldovanın Azərbaycan diasporunun nümayəndələri də iştirak ediblər.

Tərəflər görüşdə hərbi şücaətləri ilə bağlı xatirələrini bölüşüb, müharibə veteranlarına dövlət tərəfindən göstərilən dəstək, gələcək əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər. Vətən müharibəsinin iştirakçıları Moldova tərəfinə Azərbaycanın suveren ərazisində konstitusiya quruluşunun bərpası, Azərbaycanın dövlət bayrağının Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən işğaldan azad edilmiş ərazilərdə ucaldılması barədə məlumat veriblər. Həmçinin onlar Azərbaycanın Qarabağ bölgəsində minalardan təmizləmə və genişmiqyaslı tikinti-bərpa işlərinin aparılması məsələsinə də toxunulublar. Moldovalı qonaqlar öz növbəsində Xankəndidə Azərbaycan bayrağının ucaldılması və ölkəmizin bu ərazilər üzərində suverenliyinin bərpası münasibətilə Azərbaycan tərəfini təbrik ediblər. Görüşün azərbaycanlı iştirakçıları həmkarlarını Azərbaycana səfərə dəvət ediblər.

Tədbirdə Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov çıxış edərək, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qəhrəmanlığından söz açıb, ölkəmizin ərazi bütövlüyünün və azad edilmiş ərazilərdə konstitusiya quruluşunun bərpasından danışıb. Diplomat Azərbaycanın Moldovanın ərazi bütövlüyünü dəstəklədiyini qeyd edərək, iki dövlət arasında mövcud olan dostluq və əməkdaşlıq münasibətlərinə toxunub.

Moldova Baş nazirinin veteranlarla iş üzrə müşaviri Konstantin Kovriq çıxış edərək, gələcək əməkdaşlıq və təcrübə mübadiləsi üçün belə görüşlərin əhəmiyyətini qeyd edib.

Moldova Azərbaycanlıları Konqresinin (KAM) sədri Elçin Bayramov çıxışında qeyd edib ki, KAM gənclərin təhsil və maarifləndirmə işinə, xüsusilə Birinci və İkinci Qarabağ müharibəsinin tarixinin öyrənilməsinə xüsusi diqqət yetirir. O vurğulayıb ki, diaspor nümayəndələri Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini böyük ehtiramla yad edir və Vətən müharibəsi iştirakçılarına Vətən uğrunda göstərdikləri şücaət və qəhrəmanlıqlara görə daim minnətdardırlar.

“Qazilər, şəhid ailələri və xüsusi təyinatlıların qaziləri” İctimai Birliyinin sədri Bəhruz Məmmədzadə Elçin Bayramova Azərbaycanın xəritəsini təsvir edən lövhəni təqdim edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti