...

Aİ Azərbaycanda mina əleyhinə fəaliyyət üzrə "Team Europe" təşəbbüsünü başladıb

Siyasət Materials 3 May 2024 14:39 (UTC +04:00)
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Avropa İttifaqı (Aİ) bu gün Azərbaycanda mina əleyhinə fəaliyyət üzrə "Team Europe" təşəbbüsünü işə salıb.

Trend xəbər verir ki, bu barədə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko Bakıda keçirilən "Avropa Komandasının Mina Əleyhinə Təşəbbüsü" mövzusunda tədbirin kuluarlarında jurnalistlərə deyib.

"Bu gün Aİ-nin dəstəyi ilə bağlı daha bir addımı qeyd etmək üçün burada toplaşmışıq - bu, Aİ-nin və Aİ-yə üzv dövlətlərin institutlarını özündə birləşdirən, bütün üzv dövlətlər və maliyyə institutlarından olan tərəfdaşlar üçün açıq olan "Team Europe" kompleks təşəbbüsüdür.

Təşəbbüs mina əleyhinə fəaliyyət sahəsində Azərbaycan üzrə bütün layihələri, təşəbbüsləri və dəstək formalarını özündə birləşdirir. Bu, yaxn illərdə də davam edəcək proqramın yalnız başlanğıcıdır. Azərbaycanın bu sahədə böyük ehtiyaclarının olduğunu bilirik.

Bu gün bəyan olundu ki, Avropa institutları bu il Azərbaycan üçün daha 2 milyon avro dəyərində maliyyə paketi ayıracaq və bu məbləğ Aİ-yə üzv ölkələrin maliyyələşdirməsi ilə birlikdə təqribən 3 milyon avro təşkil edəcək", - Mixalko bildirib.

Onun sözlərinə görə, Aİ uzun illər ərzində minatəmizləmə sahəsində Azərbaycana və onun institutlarına, xüsusən Minatəmizləmə Agentliyinə (ANAMA) dəstək verib.

Qeyd edək ki, aprel ayında Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 141 tank əleyhinə və 191 piyada əleyhinə mina, eləcə də 2502 partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti