Tbilisi. Trend:
Asiya İnkişaf Bankı (AİB) Cənubi Qafqaz üçün dayanıqlı gələcəyə nail olmağa çalışır.
Trend xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankının (AİB) prezidenti Masatsuqu Asakava Tbilisidə AİB-in illik toplantılarının kuluarlarında brifinqdə deyib.
"AİB Gürcüstandakı vəziyyəti izləyir. Siyasi sabitlik tərəqqi üçün fundamental əhəmiyyət kəsb edir. Vətəndaş cəmiyyətləri həlledici əhəmiyyət daşıyır. AİB müxtəlif növ vətəndaş cəmiyyətləri ilə əməkdaşlıq edib. Bu tərəfdaşlıq idarəetmənin təkmilləşdirilməsi üçün həlledici əhəmiyyət kəsb edir. Biz bu region üçün d dayanıqlı gələcəyə nail olmağa çalışırıq", - o deyib.
Qeyd edək ki, 2-5 may tarixləri ərzində keçirilən 57-ci illik toplantının mövzusu "Gələcəyə Körpü"dür.
İdarəedicilər Şurasının ilk iclası mayın 4-də baş tutacaq. Bununla illik toplantının rəsmi başlanğıcının açılışı olacaq. Bu, ev sahibi ölkədən fəxri qonaqların iştirak etdiyi tədbirdir. AİB prezidenti Masatsuqu Asakava və Gürcüstanın maliyyə naziri, eləcə də, AİB Rəhbərlər Şurasının sədri Laşa Xutişvili bəyanatlarla çıxış edəcəklər.
İllik toplantı AİB-in İdarəedicilərinə Asiya-Sakit Okean regionunun üzləşdiyi inkişaf məsələləri və çağırışları nəzərdən keçirmək imkanı verir. Görüşdə mütəmadi olaraq bir neçə min iştirakçı, o cümlədən, maliyyə nazirləri, mərkəzi bankların rəhbərləri, yüksək vəzifəli dövlət rəsmiləri, özəl sektorun nümayəndələri, beynəlxalq və vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri, gənclər, elm və media nümayəndələri iştirak edir.
(Tərcümə: Rəna Əbdürəhmanova)