Bakı. Trend:
Bronxial astma tənəffüs yollarının daralmasına səbəb olan tutmalarla gedən xronik bir xəstəlikdir. Bu barədə Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun həkim-pulmonoloqu Günay Əliyeva deyib.
Trend G.Əliyeva ilə müsahibəni təqdim edir:
- Bronxial astma və xəstəliyin əsas əlamətləri haqqında məlumat verərdiniz...
- Bronxial astma tənəffüs yollarının daralmasına səbəb olan
tutmalarla gedən xronik bir xəstəlikdir. Astma xəstəliyinin əsas
elementi bronxial toxumaların qeyri-infeksion yoluxucu olmayan
iltihabıdır. Xəstələrdə təkrarlanan nəfəs darlığı, xışıltılı,
xırıltılı tənəffüs, boğulma, öskürək, sinədə ağırlıq hissi
şikayətləri olur.
Qeyd etmək lazımdır ki, bronxial astma multifaktorial xəstəlikdir.
Onun inkişafı irsi və ətraf mühit amillərinin təsiri ilə sıx
bağlıdır.
İrsi faktorlarına genetika, cinsi mənsubiyyət və piylənmə aiddir.
Ətraf mühit faktorlarına allergenlər (xüsusən ev tozu, ev heyvanları, həşaratlar, kif göbələkləri və s), infeksiyalar (əsasən viruslar), siqaret, qidalanma tərzi və s. aiddir.
- “Bronxial astma diaqnozu” necə qoyulur?
- Bronxial astma diaqnozunu müəyyənləşdirərkən, xəstənin
anamnezi, xəstəliyin klinikası və obyektiv müayinəyə xüsusi önəm
verilir. Daha sonra diaqnoz laborator instrumental müayinə
nəticələri ilə yoxlanılır. Belə ki, tutma şəkilli təkraralanan
öskürək, nəfəs darlığı, xışıltı şikayətləri olan xəstədə bronxial
astma ehtimalı nəzərə alınır. Çox vaxt belə xəstələrin
rentgenoqrafiyası ağciyərlərin normal fəaliyyətini göstərir. Bu
zaman, xəstədə tənəffüs funksiyalarını müayinə etmək məqsədilə
spiroqrafiya (medikamentoz və qeyri-medikamentoz) ilə təyin edilir.
Spiroqrafiya ilə diaqnozu dəqiqləşdirmək və ya xəstəliyin şiddətini
müəyyənləşdirmək olar. Bəzən gündəlik nəfəsvermə sürətini ölçən
pikflumetriya ilə dəyərləndirilir. Bu, əsasən xəstənin təqibində
əhəmiyyətlidir.
Bronxial astmanı ortaya çıxara biləcək xüsusi bir qan analizi
yoxdur. Lakin həkim risk faktorlarını dəyərləndirmək üçün dəri
hiperhəssaslıq testlərini istəyə bilər.
- Bronxial astmadan tam sağalmaq mümkündürmü?
- Müasir dövrdə bronxial astma müalicə ilə nəzarət altına alına
bilən xəstəlikdir. Həkim nəzarəti ilə uzunmüddətli remissiyalar
əldə etmək mümkündür.
Ölkəmizdə bu xəstəliyin müalicəsi üçün lazımlı bütün preparatlar
mövcuddur. Bronxial astma müalicəsində istifadə olunan dərman
preparatlarının əksəriyyəti tənəffüs yolları ilə qəbul olunur.
- Bu xəstəliyə necə nəzarət etmək olar?
- Bronxial astma mütəmadi olaraq həkim tərəfindən təqib olunmalıdır. Müayinələrin tezliyi xəstəliyin ilkin vəziyyəti ilə əlaqəlidir. Tipik olaraq, müalicəyə başladıqdan sonra ilk 1-3 ay ərzində hər ay, sonra isə hər 6 aydan bir müayinədən keçmək lazımdır.
Bronxial astmaya nəzarət sorğu anket, spiroqrafiya vasitəsilə dəyərləndirilir. Anketdə gündüz və gecə olan simptomlar, gündəlik fiziki aktivlik, teztəsirli dərman istifadəsinin sayı əhəmiyyətlidir.
- Bronxial astma tutmalarının səbəbləri nələrdir?
- Qrip infeksiyası və tozlu ərazilərdə olmaq bronxial astma
tutmalarının kəskinləşdirməsinə gətirib çıxara bilər. Bundan əlavə,
artıq çəki və piylənmə də bronxial astmanın tarazlığını və
müalicəsini pozaraq tez-tez kəskinləşmələrə səbəb olur. Buna görə
də, xəstələrdə çəki nəzarəti vacibdir.
Bronxial astma zamanı mühüm aspektlərdən biri həkim nəzarətidir.
Əgər həkim nəzarətində deyilsinizsə, tez-tez astmatik tutma sizin
üçün qaçılmaz olur. Düzgün yanaşma zamanı bu xroniki xəstəliyi
idarə etmək mümkündür. Lakin, həkim nəzarəti altında vaxtında
müvafiq müalicə alınmazsa, xəstələrdə bronxların uzun müddət
daralması müşahidə oluna bilər.
- Bronxial astması olanlar hansı qaydalara əməl etməlidirlər?
- Bronxial astması olan insanlar üçün profilaktika xüsusi rol
oynayır. Belə ki, imkan daxilində nəmli, zəif havalandırılan
ərazilərdən uzaq olmalıdırlar. Sanitar qaydalarına riayət etmək də
olduqca vacibdir. Həmçinin, xəstənin otağından toz toplayan yun
xalçalar, tüklü yorğanlar, yumşaq oyuncaqlar və kilim
çıxarılmalıdır.
Bu tədbirlərə əlavə olaraq, allergik olduğu bilinən ev heyvanlarını
yataq və ya qonaq otaqlarına buraxmaq olmaz. Eyni zamanda,
allergiyaya səbəb ola biləcək yun yorğan, yastıq, döşək istifadə
etməməlidirlər.
Ətir istifadəsinə ehtiyatlı olmaları məsləhətdir. Yuyucu
vasitələr, ağardıcılarla işləyən zaman maska və əlcək istifadəsi
mütləqdir. Qida maddələrində nitratlar və digər konservantlardan
məsləhət görülmülür.
Bundan əlavə, ağır bronxial astması olan xəstələrə qrip və
pnevmokok peyvəndi tövsiyə olunur.