Tbilisi. Trend:
Asiya İnkişaf Bankı (AİB) Gürcüstanın regional haba çevrilməsini dəstəkləyir.
Trend xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankının (AİB) prezidenti Masatsuqu Asakava Tbilisidə AİB-in illik toplantılarının kuluarlarında brifinqdə deyib.
"AİB Gürcüstanın ən böyük tərəfdaşlarından biridir. Gürcüstan üçün kreditlər və texniki yardım qrantları formasında 3,9 milyard dollardan çox vəsait ayırmışıq.
Ölkələrin tərəfdaşlığı üzrə strategiyamız üç əsas istiqaməti əhatə edir: iqtisadi inkişaf, sosial inkişaf və dövlət idarəetməsinin inkişafı. Biz Gürcüstanı dəstəkləməyə davam edəcəyik. Gürcüstanın Qərblə Şərqin arasında yerləşməsi fonunda regional əməkdaşlığı dəstəkləyirik. Gürcüstanın regional mərkəzə çevrilməsini dəstəkləyirik", - o deyib.
Qeyd edək ki, 2-5 may tarixləri ərzində keçirilən 57-ci illik toplantının mövzusu "Gələcəyə Körpü"dür.
İdarəedicilər Şurasının ilk iclası mayın 4-də baş tutacaq. Bununla illik toplantının rəsmi başlanğıcının açılışı olacaq. Bu, ev sahibi ölkədən fəxri qonaqların iştirak etdiyi tədbirdir. AİB prezidenti Masatsuqu Asakava və Gürcüstanın maliyyə naziri, eləcə də, AİB Rəhbərlər Şurasının sədri Laşa Xutişvili bəyanatlarla çıxış edəcəklər.
İllik toplantı AİB-in İdarəedicilərinə Asiya-Sakit Okean regionunun üzləşdiyi inkişaf məsələləri və çağırışları nəzərdən keçirmək imkanı verir. Görüşdə mütəmadi olaraq bir neçə min iştirakçı, o cümlədən, maliyyə nazirləri, mərkəzi bankların rəhbərləri, yüksək vəzifəli dövlət rəsmiləri, özəl sektorun nümayəndələri, beynəlxalq və vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri, gənclər, elm və media nümayəndələri iştirak edir.
(Tərcümə: Rəna Əbdürəhmanova)