Bakı. Trend:
Azərbaycanda “Uşaq hüquqları” ilə bağlı yeni qanun layihəsi hazırlanıb və hazırda qanun layihəsinin razılaşdırılması prosesi gedir.
Trend xəbər verir ki, bunu Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hüquqi tıminat şöbəsinin müdiri Taliyə İbrahimova Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən “İctimai proseslər media müstəvisində” mövzusunda Forum çərçivəsində “Sosial məsələlərin, həmçinin, məişət zorakılığı və erkən nikah kimi həssas mövzuların mediada düzgün işıqlandırılması” adlı panel sessiyasında deyib.
Onun sözlərinə görə, eyni zamanda, ölkəmizdə oyunların, kitabların uşaqların yaşına uyğun təsnifatlaşdırılması nəzərdə tutulur.
T.İbrahimova əlavə edib ki, media uşaqlar arasında yayılması qadağan edilmiş informasiyaların yayılmasında məsuliyyətli olmalıdırlar.
“Bütün bunlar üçün də peşəkarlıq tələb olunur. Son zamanlar mediada cinayətlərlə, ölüm halları ilə bağlı daha mötəbər mənbələrə istinad olunur. Məlumatlar orada təqdim olunan formada paylaşılır”, - deyə o əlavə edib.