Bakı. Trend:
Azərbaycan memarlığının incilərindən sayılan Şəkidə Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU), Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə “ArchiVision WeekEND Camp” təşkil olunub.
3-5 may tarixlərində keçiriləcək “Camp”da AzMİU-nun Dizayn
fakültələrində təhsil alan 90 tələbəsi Şəki şəhəri, şəhərin
tarixi-memarlıq abidələri ilə tanış olacaq, müxtəlif əyləncə
proqramlarında iştirak edəcək, panel müzakirə və vörkşoplara
(Dizayn sərgisi) qatılacaqlar.
Şəki Olimpiya İdman Kompleksində baş tutan “Camp”ın ilk günü
iştirakçılar Ümummilli Lider Heydər Əliyevin şəhərin mərkəzində
ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.
Daha sonra proqrama uyğun olaraq iştirakçılar üçün birinci gün
master-klaslar və vörkşoplar təşkil olunub. Dizayn fakültəsinin
dekanı Fərid Kərimovun apardığı master-klaslar “Bildiyimiz və
Bilmədiyimiz memarlıq”, “İctimai məkanda inklüzivlik tədbirlərinin
keçirilməsi ilə müyəssər mühit modelinin yaradılması” mövzularına,
Əsmər Məmmədovanın təqdimatında vörkşoplar “Müxtəlif həndəsi
fiqurlardan hazırlanmış Abstrakt installyasiya”, “Şəhər mühitinin
təşkilində iştirak edəcək binaların fasad görünüşlərinin maketi”
mövzularına həsr olunub.
“Camp”da, həmçinin iştirakçılar ara fasilələr zamanı AzMİU Tələbə
Gənclər Təşkilatının üzvləri ilə birgə tanışlıq və şəbəkələşmə
oyunları oynayıb, idman növləri üzrə ( futbol, tenis, voleybol,
üzgüçülük, stolüstü tenis) aktiv fəaliyyətə cəlb ediliblər.
Qeyd edək ki, “Camp”ın açılış və plenar müzakirəsi mayın 4-də keçiriləcək. Açılış mərasimində Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru professor Gülçöhrə Məmmədova, gənclər və idman nazirinin müavini İndira Hacıyeva, universitetin və nazirliyin əməkdaşları da iştirak edəcək.