Bakı. Trend:
Postmüharibə dövründə müharibə iştirakçılarına, müharibə əlillərinə, şəhid ailələrinə dəstək tədbirləri həyata keçirilib. 2020-ci ildə Vətən müharibəsindən sonra, sentyabrda antiterror tədbirlərindən sonra Azərbaycanın ərazi bütövlüyünü təmin edən, Müzəffər Ali Baş Komandanın rəhbərli ilə Azərbaycan ərazilərini düşməndən təmizləyən Azərbaycan ordusu dövlət başçısının tapşırığına uyğun olaraq hər zaman diqqət mərkəzindədir.
Trend-in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən “İctimai proseslər media müstəvisində” mövzusunda Forumda deyib.
Nazir bildirib ki, postmüharibə dönəmində 128 min müharibə iştirakçısına, müharibə əlilinə, şəhid ailəsi üzvünə 340 mindən çox dəstək həyata keçirilib, 6 min mənzil verilib.
Qeyd edək ki, Bakıda Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “İctimai proseslər media müstəvisində” mövzusunda Forum keçirilir. Tədbir çərçivəsində “Narkomanlığa qarşı mübarizədə mediadan düzgün istifadə”, “Sosial məsələlərin, həmçinin məişət zorakılığı və erkən nikah kimi həssas mövzuların mediada düzgün işıqlandırılması”, “Mediada kiberbullinqə qarşı effektiv mübarizə və kiber maarifləndirmə” və “Yaşıl dünya naminə həmrəylik ili”ndə media gündəmi” mövzularında panel sessiyalar təşkil olunacaq.