Tbilisi. Trend:
İqlim dəyişmələri ilə mübarizə layihələrində onları maliyyələşdirmə üçün tam yararlı edən müəyyən dəyişikliklər baş verir.
Trend xəbər verir ki, bu barədə AİB-in bazar həlləri üzrə vitse-prezidenti Bharqav Dasqupta Tbilisidə AİB-in illik toplantılarının kuluarlarında jurnalistlərə deyib.
"Beləliklə, bunlar tipik günəş panelləridir. Düşünmürəm ki, maliyyələşdirmə sahəsində müsbət nəticə əldə etmək üçün hər hansı güzəştli kapital maliyyələşdirilməsi lazım olsun. Maliyyələşdirmə üçün seçilən layihələr daha inkişaf etmiş sahələr üzrə hazırlanır.
Bunlar uzunmüddətli perspektivdə çox vacib olan yeni texnologiyalardır, lakin biznes müəyyən dəstək olmadan onları kommersiya baxımından həyat qabiliyyətli etmək üçün xərclərin azalacağı səviyyəyə çatmır", - o deyib.
O qeyd edib ki, 10 il əvvəlki günəş panellərinə baxsaq, onların hər hansı istehlakçı şərti olmadan kommersiya həyat qabiliyyətli olmadığını görərik.
"Bu səbəbdən, rentabellikdən danışanda biz hələ də bu layihələrin maliyyələşdirilməsində maraqlıyıq", - deyə o əlavə edib.
Qeyd edək ki, 2-5 may tarixləri ərzində keçirilən 57-ci illik toplantının mövzusu "Gələcəyə Körpü"dür.
İdarəedicilər Şurasının ilk iclası mayın 4-də baş tutacaq. Bununla illik toplantının rəsmi başlanğıcının açılışı olacaq. Bu, ev sahibi ölkədən fəxri qonaqların iştirak etdiyi tədbirdir. AİB prezidenti Masatsuqu Asakava və Gürcüstanın maliyyə naziri, eləcə də, AİB Rəhbərlər Şurasının sədri Laşa Xutişvili bəyanatlarla çıxış edəcəklər.
İllik toplantı AİB-in İdarəedicilərinə Asiya-Sakit Okean regionunun üzləşdiyi inkişaf məsələləri və çağırışları nəzərdən keçirmək imkanı verir. Görüşdə mütəmadi olaraq bir neçə min iştirakçı, o cümlədən, maliyyə nazirləri, mərkəzi bankların rəhbərləri, yüksək vəzifəli dövlət rəsmiləri, özəl sektorun nümayəndələri, beynəlxalq və vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri, gənclər, elm və media nümayəndələri iştirak edir.
(Tərcümə: Rəna Əbdürəhmanova)