Tbilisi. Trend:
Gürcüstan satınalma praktikasında yanaşmasını dəyişir.
Trend xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Satınalmaları Agentliyinin sədr müavini Kaxa Demetraşvili Tbilisidə AİB-in illik toplantıları çərçivəsində keçirilən "Dayanıqlı satınalmalar - AİB-in iqlim dəyişmələrinin nəticələrinin yüngülləşdirilməsi və onlara adaptasiya üzrə hədəflərinin əldə olunmasına töhfə" mövzusunda panel müzakirəsində çıxışında deyib.
"Biz bu yola altı il əvvəl başladıq. Bunu konsepsiya fəlsəfəsi adlandırdıq. Bu, mahiyyətcə eyni fəlsəfi konsepsiyadır. Bu, yeni bir fəlsəfədir. Güman edirəm ki, çoxunuz dövlət satınalmaları və ya satınalmalar üzrə, ən azı maliyyə üzrə peşəkarlarsınız. Bu səbəbdən fəlsəfəmizi dəyişirik. Yanaşmamızı dəyişirik. Dövlət siyasətində anlayışları dəyişirik, hətta deyərdim ki, bu, təkcə satınalma praktikasında baş vermir", - o deyib.
"Bizdən məhsul alan sifarişçilərimiz mütləq satınalma meyarlarını tətbiq etməlidir. Bu, unikal tarixçədir. Hazırda növbəti addımları atırıq: bu məhsulların siyahısını genişləndiririk, sonra isə sifarişçilərin siyahısını genişləndirmək və vəsait həddini azaltmaq üçün xidmətlərə keçid edirik. Beləliklə, bu, unikal gürcü strategiyasıdır", - deyə Demetraşvili əlavə edib.
Qeyd edək ki, 2-5 may tarixləri ərzində keçirilən 57-ci illik toplantının mövzusu "Gələcəyə Körpü"dür.
İdarəedicilər Şurasının ilk iclası mayın 4-də baş tutacaq. Bununla illik toplantının rəsmi başlanğıcının açılışı olacaq. Bu, ev sahibi ölkədən fəxri qonaqların iştirak etdiyi tədbirdir. AİB prezidenti Masatsuqu Asakava və Gürcüstanın maliyyə naziri, eləcə də, AİB Rəhbərlər Şurasının sədri Laşa Xutişvili bəyanatlarla çıxış edəcəklər.
İllik toplantı AİB-in İdarəedicilərinə Asiya-Sakit Okean regionunun üzləşdiyi inkişaf məsələləri və çağırışları nəzərdən keçirmək imkanı verir. Görüşdə mütəmadi olaraq bir neçə min iştirakçı, o cümlədən, maliyyə nazirləri, mərkəzi bankların rəhbərləri, yüksək vəzifəli dövlət rəsmiləri, özəl sektorun nümayəndələri, beynəlxalq və vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri, gənclər, elm və media nümayəndələri iştirak edir.
(Tərcümə: Rəna Əbdürəhmanova)