Bakı. Trend:
Bu gün əmək, məşğulluq, sosial müdafiə sahələrində aparılan islahatlar, sosial dəstək proqramları, bu sahələrdə innovativ yeniliklər və s. ilə bağlı ictimaiyyətin mütəmadi məlumatlandırılmasında media mühüm rol oynayır.
Trend xəbər verir ki, bunu “İctimai proseslər media müstəvisində” mövzusunda Forumun açılış mərasimində əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
O qeyd edib ki, həssas qrupları təmsil edən şəxslərin fərdi müraciətlərinin araşdırılmasında obyektivliyin, media prinsiplərinin gözlənilməsi və məlumatların rəsmi mənbədən dəqiqləşdirilməsi də vacib məqamlardandır:
"Azərbaycanda medianın inkişafı, maddi-texniki bazasının formalaşdırılması, media faliyyətinin peşəkar və sərbəst şəkildə qurulması Ulu öndər Heydər Əliyevin diqqət və qayğısı sayəsində mümkün olub. Bu siyasət Prezident İlham Əliyev uğurla davam etdirilib, medianın müasir tələblərə uyğun inkişafı, operativ, səmərəli və keyfiyyətli fəaliyyəti üçün bütün zəruri addılar atılıb, zəruri dəstək paketlər həyata keçirilib və Azərbaycanda medianın peşəkar, obyektiv fəaliyyətinə zəruri şərait yaradılıb".
Qeyd edək ki, Bakıda Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “İctimai proseslər media müstəvisində” mövzusunda Forum keçirilir. Tədbir çərçivəsində “Narkomanlığa qarşı mübarizədə mediadan düzgün istifadə”, “Sosial məsələlərin, həmçinin məişət zorakılığı və erkən nikah kimi həssas mövzuların mediada düzgün işıqlandırılması”, “Mediada kiberbullinqə qarşı effektiv mübarizə və kiber maarifləndirmə” və “Yaşıl dünya naminə həmrəylik ili”ndə media gündəmi” mövzularında panel sessiyalar təşkil olunacaq.