Bakı.Trend:
Ermənistan İkinci Qarabağ müharibəsi dövründə beynəlxalq humanitar hüququ pozaraq mülki əhaliyə atəş açıb.
Trend xəbər verir ki, bunu Müdafiə Nazirliyinin əməkdaşı, kapitan Səlim Əhmədov Bakıda keçirilən Cenevrə Konvensiyasının 75-ci ildönümünə həsr olunan seminarda çıxışı zamanı deyib.
O bildirib ki, Gəncə və Bərdə şəhərlərində mülki əhali atəşə tutulub. Nəticədə xeyli vətəndaşımız həlak olub. Mülki obyektlərə ciddi ziyan dəyib.
“Ermənistanın Gəncə şəhərini raket atəşinə tutması nəticəsində 175 nəfər yaralanıb. Onlardan 61-i kişi, 66-sı qadın və 47-si isə uşaq olub. Bərdəyə hücum nəticəsində isə 29 nəfər həlak olub. 19 nəfər kişi, səkkiz nəfər qadın, iki nəfər isə uşaq olub. Bu hücum zamanı ümumilikdə isə 112 nəfər yaralanıb, 71 kişi, 26 qadın, 15 uşaq ciddi xəsarət alıb”,- deyə o qeyd edib.