Bakı. Trend:
Prezident İlham Əliyev bu günlərdə Rusiyanın Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkətinə və “RİA Novosti” Agentliyinə verdiyi müsahibədə bir sıra vacib məsələlərə toxundu. Geniş müsahibədə Azərbaycan-Rusiya münasibətlərinə, respublikamızın hazırki gərgin beynəlxalq münasibətlər sistemindəki roluna, sülh danışıqlarının gedişinə, Ermənistanın silahlanmasına, Fransanın müstəmləkəçilik siyasətinə, ölkəmizə qarşı Qərbin apardığı qarayaxma kampaniyasının iflasa uğaradılmasına və digər məsələlərə nəzər salındı.
Öncə onu qeyd etmək istərdim ki, Prezident İlham Əliyevin müsahibədə fikirlərini olduqca yüksək məntiqli ardıcıllıqla diqqətə çatdırması, hər bir məsələ ilə bağlı peşəkar siyasi-diplomatik yanaşması dövlətimizin başçısının mühim siyasi və şəxsi keyfiyyətlərini, o cümlədən qlobal liderlik xüsusiyyətlərini nümayiş etdirdi. Müsahibədə toxunulan məsələlər, o cümlədən Gürcüstanda baş verən hadisələrə, Ukrayna-Rusiya müharibəsinə dair bir çox siyasi liderlərin açıqlamaları var. Amma qeyd olunan problemlərin kökü və mahiyyəti haqda Prezident İlham Əliyevin müsahibəsində olduğu qədər mükəmməl təhlilə rast gəlmək mümkün deyil. Eyni zamanda Prezident İlham Əliyevin hər bir məsələ barədə siyasi-diplomatik üslubda deyil sadə ifadə formasında danışması bir daha dövlətimizin başçısının dərin erudisiyaya malik bir siyasi lider olduğunu göstərdi. Prezident İlham Əliyevin hadisələrə baxışı, problemlərin həllinə yanaşmaları həm də ondan xəbər verir ki, qlobal müzakirələrdə Prezident İlham Əliyev kimi liderlərə böyük ehtiyac var.
Müsahibədə diqqət yetirilən məsələlərdən biri Azərbaycan-Rusiya münasibətləri barədə oldu. Son illərdə Azərbaycan-Rusiya münasibətləri bütün sahələr üzrə daha da inkişaf edib. İki ölkənin Prezidentlərinin birgə səyləri tərəfdaşlığın genişlənməsi üçün möhkəm zəmin yaradıb. Xüsusilə qeyd etməliyik ki, Vətən müharibəsi günlərində Rusiya təmkinli və obyektiv davrandı. Ermənistanın baş nazirinin çoxsaylı təxribatçı cəhdlərinə baxmayaraq, Kreml Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin işğaldan azad olunmasına qarşı çıxmadı. Prezident Vladimir Putin müharibə günlərində çıxışlarının birində Qarabağın Azərbaycan torpağı olduğunu qeyd etdi. Beləliklə, Prezident İlham Əliyevin Rusiya ilə münasibətlərdə yürütdüyü müdrik siyasət, uğurlu diplomatiya ərazilərimizin işğaldan azad olunması prosesində özünü yaxından göstərdi.
2022-ci ilin fevral ayıında “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamənin imzalanması Azərbaycan-Rusiya əlaqələrini tamamilə yeni mərhələyə yüksəldib. Prezident İlham Əliyev müsahibəsində qeyd etdiyi kimi, belə bir Bəyannamənin imzalanması faktının özü həm Rusiya, həm də Azərbaycan tərəfindən ən mühim siyasi addımdır: "Bu, qarşılıqlı fəaliyyətin və əməkdaşlığın ən yüksək formasıdır, xüsusən nəzərə alsaq ki, biz həm Qafqazda, həm də Xəzər regionunda qonşu dövlətlərik, qonşuyuq və bir çox cəhətdən ölkələrimizin xarici siyasət prioritetləri üst-üstə düşür, o zaman, əlbəttə, deyərdim ki, belə bir sənəd tarixi hadisədir"
Rusiya dövləti Azərbaycanın istər Vətən müharibəsində, istərsə də antiterror əməliyyatları zamanı yaratdığı reallıqları qəbul edir. Təsadüfi deyil ki, Rusiya Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə investisiya yatıran ilk dövlətdir. Müsahibəsində Rusiya şirkətləri Qarabağın bərpasında iştirakı ilə bağlı suala cavabında Prezident İlham Əliyev bu məsələni xüsusi vurğulayaraq dedi: "Yeri gəlmişkən, ilk investisiya layihəsi Tatarıstan tərəfindən həyata keçirilib. Bu, Cəbrayıl rayonunda Tatarıstanın rəhbəri və mənim tərəfimdən açılmış “KamAZ” xidmət mərkəzidir".
Qeyd edim ki, Prezident İlham Əliyevin bəhs etdiyi xidmət mərkəzi 2021-ci ilin iyul ayında “Gəncə avtomobil zavodu” İstehsalat Birliyi ilə Rusiyanın “KamAZ” ASC arasında imzalanmış Anlaşma Memorandumuna uyğun olaraq yaradılıb. 2021-ci il oktyabrın 4-də Prezident İlham Əliyevin və Rusiya Federasiyası Tatarıstan Respublikasının rəsmi şəxslərinin iştirakı ilə servis mərkəzinin təməli qoyulub. 2023-cü il iyunun 17-də Prezident İlham Əliyevin və Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanovun iştirakı ilə müəssisənin açılışı olub. İşğaldan azad edilmiş ərazilərimizə yatırılan ilk xarici investisiya ilə ərsəyə gələn bu servis mərkəzində hazırda yük avtomobillərinə digər texnikalara xidmət həyata keçirilir.
Ümumiyyətlə Prezident İlham Əliyevin müsahibəsində toxunduğu məsələlərin hər biri respublikamızın beynəlxalq münasibələr sistemindəki iştirakının, dövlətimizin milli maraqları və inkişaf hədəflərin qiymətləndirilməsi baxımından aktuallıq kəsb edir. Məlum olduğu kimi hazırda ölkəmizin qarşıya qoyduğu hədəflərdən biri regionda sabitliyin təmin edilməsi, Ermənistanla sülh sazişinin imzalanmasıdır. Ermənistan bu məsələdə zahirən sülhə tərəfdar olduğunu göstərsə də, reallıqda bunun əksi olan fəaliyyətlə məşğuldur. Belə ki, hazırda bu ölkənin Fransa və Hindistandan silahlar alması Ermənistan rəsmilərinin sülh açıqlamaları ilə üst-üstə düşmür. Çünki silahlanma nəticə etibarilə müharibəyə hazırlıq deməkdir. Təbii ki, Azərbaycan bunları nəzərə alır və cənab Prezidentin müsahibəsində qeyd etdiyi kimi 2025-ci ildə növbəti hərbi büdcəmizin rekord büdcə olması da bunu təsdiq edir.
Ermənistan və onun havadarları yaxşı olardı ki, Prezident İlham Əliyevin müsahibədə səsləndirdiyi "Onlar İkinci Qarabağ müharibəsinin və 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatının nəticələrini unutmamalıdırlar" xəbərdarlığından nəticə çıxarsınlar. Çünki Ermənistan hansısa hərbi təxribata yol verərsə, heç bir havadarı onu müdafiə edə bilməyəcək. Makron onun köməyinə gələ bilməyəcək. Həm 44 günlük müharibə, həm də antiterror tədbirləri bunu təsdiq edir.
Azərbaycan öz inkişafını sürətlə yeni çağırışlara uyğunlaşdıran dövlətdir. Bu baxımdan ölkəmizdə "yaşıl enerji"yə keçidi xüsusi qeyd etməliyik. Təsadüfi deyil ki, Prezident İlham Əliyev müsahibəsində diqqəti bu məsələyə yönəltdi və ölkəmizin bu sahədəki hədəflərini diqqətə çatdırdı. Dövlət başçısının dediyi kimi, 2030-cu ilə qədər bərpaolunan enerji mənbələrindən 6 min meqavat güc alınacaq.
2022-ci ilin dekabr ayında Rumıniyada “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalanıb. Prezident İlham Əliyev müsahibəsində bu xüsusda bildirdi ki, yaxın vaxtlarda Qara dənizin dibi ilə enerji kabellərinin tikintisinin texniki-iqtisadi əsaslandırılması başa çatacaq. Göründüyü kimi, Azərbaycandan Avropaya doğru növbəti enerji körpüsü salınır. Bu gün Avropaya neft və qaz ixrac edən respublikamız tezliklə “köhnə qitə”yə elektrik enerjisi də ixrac edəcək.
Yekunda onu qeyd etmək istərdim ki, Rusiyanın Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkətinin və “RİA Novosti” Agentliyinin yalnız bu ölkədə deyil, qlobal səviyyədə böyük auditoriyası var. Bu isə o deməkdir ki, Prezident İlham Əliyevin müsahibəsi ilə Azərbaycanın uğurları, müstəqil siyasət yürüdən dövlət olması, milli maraqlarını layiqincə təmin etməsi, beynəlxalq məsələrə dair yanaşmaları və gələcək hədəfləri olduqca müfəssəl şəkildə beynəlxalq aləmə çatdırıldı.
Xanlar Fətiyev,
Milli Məclisin deputatı