Bakı. Trend:
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanla Rusiya arasında ticarət əməliyyatlarının həcmi 4 milyard 378 milyon 506 min ABŞ dolları təşkil edib.
Bu barədə Trend Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 426 milyon 439 min ABŞ dolları (10,8%) çoxdur.
Hesabat dövründə Rusiya ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 10,16%-i həcmində olub.
11 ayda Azərbaycan Rusiyaya 1 milyard 84 milyon 51 min ABŞ dolları dəyərində məhsul ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 409 min ABŞ dolları 0,04% çoxdur. Dövr ərzində Rusiya ilə ixrac əməliyyatları ölkənin ümumi ixracının 4,45%-ni təşkil edib.
Cari ilin yanvar-noyabr aylarında Azərbaycan Rusiyadan məhsul idxalını illik müqayisədə 426 milyon 30 min ABŞ dolları (14,8%) artıraraq, 3 milyard 294 milyon 454 min ABŞ dollarına çatdırıb. Dövr ərzində Rusiya ilə idxal əməliyyatları ölkənin ümumi idxalının 17,55%-ni təşkil edib.