Bakı. Trend:
2025-ci ilin birinci rübündən etibarən "Kapital Bank" öz brendini "Birbank" brendinə transformasiya etməyə başlayacaq.
Trend xəbər verir ki, bu barədə “Kapital Bank”ın İdarə Heyətinin Sədri, Baş İcraçı Direktor Fərid Hüseynov bankın cari ilin yekunları və növbəti ilin planlarına həsr olunmuş mətbuat konfransında məlumat verib.
"Bildiyiniz kimi, 2021-ci ildə kredit və kartların tamamilə onlayn sifarişi imkanını tətbiq edərək, “Birbank”ı ölkənin ilk rəqəmsal bankına çevirdik. Müştərilərimiz bu yeniliyi müsbət qarşıladılar. Hazırda aylıq 3 milyondan çox aktiv istifadəçisi olan “Birbank” “Kapital Bank” qədər güclü bir brendə çevrilib. Gələcək planlarımız daha geniş rəqəmsallaşma, müasir texnologiyaların və süni intellektin tətbiqi ilə bağlıdır. Məhz bu səbəbdən 2025-ci ilin birinci rübündən etibarən “Kapital Bank” brendini “Birbank” brendinə transformasiya etməyə başlayırıq.
Bu, “Kapital Bank”ın tamamilə yox olacağı anlamına gəlmir. “Kapital Bank”ı maliyyə institutu və korporativ brend kimi görməyə davam edəcəksiniz. Bütün məhsul və xidmətlərimizi müştərilərimizə “Birbank” brendi altında təqdim edəcəyik. Biz özümüz də müştərilərimiz kimi “Birbank”ın bir parçası olacağıq. Əgər soruşsanız ki, müştərilərə yanaşmada nəsə dəyişəcəkmi, cavab – bəli, müştərilər bu dəyişikliyi daha çox hiss edəcəklər.
“Birbank”ı daha gənc, dinamik, operativ, rəqəmsal və innovativ bir brend kimi xarakterizə etmək olar. Bu xüsusiyyətlər təkmilləşdirilmiş müştəri təcrübəsində öz əksini tapacaq. Müştərilərimiz bütün məhsul və xidmətləri “Birbank”ın veb-saytı və tətbiqi vasitəsilə əldə edə biləcəklər. Bundan əlavə, “Kapital Bank”ın filialları da Birbank filiallarına transformasiya ediləcək və bu proses təxminən iki il davam edəcək", – deyə Fərid Hüseynov bildirib.