Bakı. Trend:
Əkin subsidiyalarının verilməsi müddəti 2030-cu il yanvarın 1-dək uzadılıb.
Azərbaycanda əkin subsidiyalarının verilməsi müddətinin uzadılması kənd təsərrüfatına müsbət təsir göstərəcək. Bu cür tədbirlər kənd təsərrüfatı sektorunun inkişafını stimullaşdırmağa, fermerlərin daha səmərəli fəaliyyət göstərmələrinə və ölkənin qida təhlükəsizliyinin təmin edilməsinə kömək edir.
Əkin subsidiyaları fermerlərə birbaşa maliyyə dəstəyi təmin edir, bu da onların məhsul istehsalını artırmalarına imkan verir. Subsidiyalar uzadıldıqda, istehsal xərcləri azalır və məhsuldarlıq daha da artır. Bu, kənd təsərrüfatı istehsalının daha rentabelli olmasına səbəb ola bilər. Bu, kənd təsərrüfatına marağı artıra və ümumi məhsul istehsalının artmasına gətirib çıxara bilər.
Mövzu ilə bağlı Trend-ə açıqlamasında iqtisadçı-ekspert Eldəniz Əmirov bildirib ki, kənd təsərrüfatına dövlət dəstəyi uzun illərdir ki, davamlı xarakter daşıyır.
"Bu, bilavasitə ölkə əhalisinin 36%-in məşğul olduğu sahə olduğundan dövlət tərəfindən daima nəzarətdədir. Kənd təsərrüfatı subyektlərinin dəstəklənməsi istiqamətində bir sıra dövlət dəstəyi mexanizmləri tətbiq olunur ki, onlardan biri də subsidiyaların verilməsidir.
Subsidiyaların verilməsinin uzadılması təkcə əkin subsidiyası deyil. Eyni zamanda, məhsula görə də əlavə suvarma sistemləri ilə təmin edilmiş ərazilərə görə subsidiyaların təyin edilməsi daha müasir yanaşmaların kənd təsərrüfatında tətbiq edilməsini dəstəkləyən addım kimi qiymətləndirilə bilər.
Digər istiqamət burada uçotun dəqiqləşdirilməsinə xidmət edir. Belə ki növbəti ilin yanvarın 1-dən etibarən fermerlərə aqrar sahədə subsidiyalar o halda veriləcək ki, torpaq üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarına dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış əldə olunsun. Bu isə torpaqların daha səmərəli istifadə edilməsi və şəffaflığın təmin olunması baxımından önəmli addımdır", - deyə o qeyd edib.