Bakı. Trend:
“Kapital Bank” gələn ilin yanvar ayında 25 milyon ABŞ dolları məbləğində istiqraz şəklində subordinasiya borcu buraxmağı planlaşdırır.
Bunu Trend-in sualına cavab olaraq “Kapital Bank”ın İdarə Heyətinin sədri, Baş icraçı direktor Fərid Hüseynov bankın cari ilin yekunlarına və növbəti ilin planlarına həsr olunmuş mətbuat konfransında deyib.
"2024-cü il istiqrazlar sahəsində əhəmiyyətli nailiyyətlərlə yadda qaldı. Bu il ümumi həcmi 145 milyon ABŞ dolları və 100 milyon manat olan yeddi istiqraz emissiyası həyata keçirildi. Bu ilin xüsusiyyəti ondan ibarətdir ki, ilk dəfə olaraq istiqrazların abunəsi filiallarımız vasitəsilə həyata keçirildi. Bildiyiniz kimi, əvvəllər müştərilər yalnız investisiya şirkətləri vasitəsilə müraciət edə bilərdilər, amma indi bu proses yaxınlıqdakı banka müraciət etmək qədər rahatlaşıb.
Xüsusilə fiziki şəxslərin abunə prosesindəki fəallığı bizi sevindirir. Əgər rəqəmlərə baxsaq, bu il abunədə 450-dən çox investor iştirak edib. Bankın istiqrazları həmçinin ikincil bazarda aktiv ticarət olunur. İl ərzində investorlar arasında ticarət həcmi 52 milyon manatdan çox olub", – deyə o vurğulayıb.
Sualı cavablandıran Fərid Hüseynov bu ilin sonunda daha bir emissiyanın planlaşdırıldığını qeyd edib.
"Əgər çatdıra bilsək, dekabr ayında 50 milyon manat dəyərində daha bir istiqraz emissiyası həyata keçirməyi, yanvar ayında isə 25 milyon ABŞ dolları məbləğində subordinasiya borcunu buraxmağı planlaşdırırıq", – deyə o bildirib.