Bakı.Trend:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə "Azərbaycan Karyera İnkişaf Forumu 2024" keçirilib.
Trend xəbər verir ki, tədbirdə karyera inkişafı üzrə ölkədə və dünyada olan uğurlu nəticələr, qlobal trendlər və müasir yanaşmalar, təhsildə effektiv öyrənmə və öyrətmə mexanizmlərinin qurulması üçün əsas meyarlar, əmək bazarında tələb olunan və önəmli hesab edilən bacarıqların əhəmiyyəti və inkişafı yolları müzakirə olunub.
Forumda Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiə naziri Sahil Babayev, Gənclər və idman naziri Fərid Qayıbov, Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə və digər qonaqlar iştirak edib.
Forumda ilk öncə çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib ki, son altı ildə 609 min əmək müqaviləsi imzalanıb.
"Bunun əsas hissəsi özəl şirkətlərin payına düşür. Biz altı ildə 1,8 mln vətəndaşa xidmət göstərmişik. Hazırda Qarabağda və Şərqi Zəngəzurda işlər aparılır.
Hazırda nazirliyin göstərdiyi xidmətlərin 90% elektronlaşıb. Bu gün 600 milyon dəfədən çox elektron xidmətlərdən istifadə edilib. Bu böyük göstəricidir. Biz tam elektronlaşmış əmək müqaviləsinə keçməliyik. Hazırda bir milyondan artıq şəxs elektron müqaviləyə keçid edib”, - deyə o qeyd edib.
Qeyd edək ki, ölkəmizdə karyera inkişafının müzakirəsi sahəsində ən qabaqcıl təcrübələrdən sayılan Azərbaycan Karyera İnkişaf Forumunda birgə müzakirələr, sual-cavab sessiyaları və qruplar formatında görüşlər təşkil ediləcək.
Forum işini başa çatdırıb.