Bakı. Trend:
ADA Universiteti özünün ilk doktorantura proqramını, ABŞ-nin Corc Vaşinqton Universiteti ilə birgə yeni magistr və doktorantura proqramlarını təqdim edib.
Trend xəbər verir ki, bu münasibətlə dekabrın 19-u baş tutan tədbirdə hər iki universitetin professor-müəllim-tələbə heyəti, yerli və xarici qonaqlar iştirak ediblər.
Açılış nitqi ilə çıxış edən akademik işlər üzrə prorektor Elkin Nurməmmədov və İnformasiya Texnologiyaları və Mühəndislik fakültəsinin dekanı Abzətdin Adamov yeniproqramların elanını ADA Universiteti tarixində əlamətdar hadisə kimi qiymətləndiriblər.
ADA Universitetinin ABŞ-dəki Mərkəzinin prezidenti Qalib Məmməd ADA Universitetinin yeni təşəbbüslərinin gələcək elmi-pedaqoji heyətin hazırlanması məqsədi daşıdığını söyləyib. O bildirib ki, ADA Universitetinin Corc Vaşinqton Universiteti ilə əməkdaşlığı növbəti mərhələyə qədəm qoyur və daha geniş tələbə kütləsinin ehtiyaclarını ödəməyə yönlənmişdir.
Corc Vaşinqton Universitetinin professorları Can Korman, Tarek Əl-Qəzavi və Rebeka Ha iki universitet arasındakı uğurlu əməkdaşlığın tarixçəsindən bəhs ediblər. Onlar tədbir iştirakçılarına magistratura səviyyəsində təklif olunan ikili diplom proqramları barədə məlumat veriblər. Qonaqlar bildiriblər ki, imzalanacaq doktorantura təhsili razılaşması sayəsində əməkdaşlıq genişlənəcək və bu razılaşmatələbələrin elmi inkişafında əhəmiyyətli rol oynayacaq.
ADA Universitetinin rektoru Hafiz Paşayev yekun nitqində
vurğulayıb ki, Universitet ilk yaranan gündən elmi-pedaqoji heyətin
gücləndirilməsi istiqamətində bir sıra işlər aparır. Bu məqsədlə,
ADA Universiteti mütəmadi olaraq xaricdə doktorantura təhsili alan
Azərbaycanlılarla yaxından işləyirvə elmə maraq göstərən gənclərin
nüfuzlu universitetlərdə doktorantura təhsilini dəstəkləyir. Rektor
bildirib ki, ADA Universitetində texniki və texnoloji sahədə
doktoranturatəhsilinin açılışı da məhz bu məqsədə xidmət edir.
Bundan əlavə, o qeyd edib ki, Corc Vaşinqton və Turin Politexnik
Universitetində də bu sahələrdə doktorantura təhsili almaq imkanı
Azərbaycanlı gənclərə yeni akademik keyfiyyətlər qazandıracaq,
onların ixtisaslaşmasını və beynəlxalq elmi şəbəkəyə qoşulmasını
təmin edəcək. Bu, yalnız ADA Universitetinin deyil, bütövlükdə
ölkəmizin inkişafına fayda verəcək.
Tədbirin əsas məqamlarından biri də ADA Universiteti və Corc
Vaşinqton Universiteti arasında doktorantura təhsili üzrə
tərəfdaşlıq müqaviləsinin imzalanması olub. Müqavilənin məqsədi
ölkəmizdə İnformasiya Texnologiyaları sahəsinin inkişafına töhfə
verəcək akademik kadrların yetişdirilməsidir. ADA Universitetinin
doktorantura təhsili vasitəsilə yetişdirəcəyi müəllim və
tədqiqatçılar beynəlxalq miqyasda ən müsbət təcrübələrə
yiyələnəcəklər.
Qeyd edək ki, İnformasiya Texnologiyaları və Kompüter elmləri üzrə doktorantura proqramına ilk qəbul 2025-ci ildən etibarən aparılacaq.
Bu gün təqdimatı keçirilən magistr proqramları vasitəsilə isə tələbələr iki il ərzində həm Bakıda, həm Vaşinqtonda təhsil alaraq sonda iki diplom əldə edəcəklər.