...

BAMF İsveçrə Parlamentinin Aşağı Palatasının “Dağlıq Qarabağ: Sülh Forumu” Qətnaməsinə dair bəyanat yaydı

Gündəm Materials 19 Dekabr 2024 19:11 (UTC +04:00)
BAMF İsveçrə Parlamentinin Aşağı Palatasının “Dağlıq Qarabağ: Sülh Forumu” Qətnaməsinə dair bəyanat yaydı
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Dekabrın 17-də İsveçrə Parlamentinin Aşağı Palatası “Dağlıq Qarabağ: Sülh forumu” adlı qətnaməni qəbul edib. Dağlıq Qarabağ reallıqlarının təhrif olunduğu qətnamə mətni ölkə ictimaiyyəti içində ciddi narazılığa səbəb olub. Məsələyə biganə qalmayan Beynəlxalq Avrasiya Mətbuat Fondu qətnaməyə dair rəsmi bəyanat verib.

Trend bəyanatı təqdim edir:

"Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF), sülhün təşviqinə yönəlmiş beynəlxalq təşkilat olaraq, 17 dekabr 2024-cü il tarixində İsveçrə Parlamentinin Aşağı Palatasında müzakirəyə çıxarılan təkliflə bağlı ciddi narahatlığını ifadə edir. Sözügedən qətnamədə “Dağlıq Qarabağ münaqişəsi” mövzusu ətrafında beynəlxalq sülh forumunun təşkili və bölgədən könüllü şəkildə ayrılmış erməni sakinlərin geri qaytarılması üçün şəraitin yaradılmağı nəzərdə tutulur. Bu, həm hüquqi, həm də siyasi baxımdan dərin təhlil və hərtərəfli araşdırma tələb edən mürəkkəb məsələlərə yol açır.

Bu yanaşma, təəssüf ki, sülhün təşviqinə xidmət etmir, əksinə, gərginliyi artırmaq riskini yaradır. Qətnamə barışıq və qarşılıqlı anlaşmaya yönəlmiş səyləri zəiflədən birtərəfli mövqeni əks etdirir.

2023-cü ildə münaqişənin həlli ilə Azərbaycanın ərazi bütövlüyü tam bərpa edilmiş və Qarabağ regionu işğaldan azad olunmuşdur. Bu nəticə Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq qurumlar da daxil olmaqla beynəlxalq ictimaiyyət tərəfindən tanınmışdır.

Yanlış narrativlər əsasında forumların təşkilinə dair irəli sürülən təkliflər Cənubi Qafqazda uzun illərin zəhməti , hətta fədakarlığı nəticəsində əldə edilmiş davamlı sülh və sabitliyə ciddi təhlükə yaradır. Bu məsələlərin Azərbaycanın suverenliyinə hörmətlə və beynəlxalq hüquq prinsiplərinə uyğun şəkildə həll edilməsi zəruridir.

Biz müşahidə edirik ki, bəzi dairələrdə regionun reallıqları ilə bağlı narahatlıq doğuran məlumat çatışmazlığı mövcuddur. Müəlliflər işğal altında olduğu dövrdə Qarabağın xarabalığa çevrildiyi faktını gözardı edir. Son 30 il ərzində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün ağır çətinliklərə məruz qalması ilə bağlı problemlər barədə çoxları məlumatsızdır. Xocalı, Qaradağlı, Ağdaban kimi foto, video faktları olan ermənilər tərəfindən törədilmiş çoxsaylı qətliamlar və soyqırımlar diqqətdən kənarda qalmışdır. Bunun əvəzinə, 1915-ci il hadisələri kimi yalan olduğu tarixi faktlarla üzə çıxarılan hadisələr naməlum səbəblərdən diqqət mərkəzində qalmağa davam edir. Belə laqeydlik saysız-hesabsız qurbanların haqq səsini susdurur və regionun tarixi haqqında təsəvvürləri təhrif edir. Bu faktorlar səmimi və əhatəli barışıq səylərinin təcili ehtiyacını bir daha vurğulayır.

Belə təkliflər və bəyanatlar mövcud məsələlərin həllinə, münasibətlərin yaxşılaşdırılmasına və gərginliyin azaldılmasına nəinki xidmət etmir, hətta onları böyüdür və dərinləşdirir. Üç onillik ərzində Azərbaycan ədalət və sülh uğrunda mübarizə aparmış, bu məqsədlərə çatmaq üçün böyük fədakarlıqlar göstərmişdir.

Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) sülh quruculuğu təşəbbüslərinin irəliləməsinə, millətlər və cəmiyyətlər arasında konstruktiv dialoqun təşviqinə olan dəyişməz bağlılığını bir daha vurğulayır. Biz İsveçrəni neytrallıq və vasitəçilik ənənəsi ilə tanınan ölkə kimi bölgədəki gərginliyi artırmaq və ya yanlış anlamaları davam etdirmək əvəzinə, davamlı sülhə məqsədyönlü şəkildə töhfə verməsini təmin etməyə çağırırıq".

Xəbər lenti

Xəbər lenti