Bakı. Trend:
Rusiya Federasiyası Hökuməti Rusiya və Azərbaycan arasında “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi (BND) üzrə tranzit yükdaşımalarının birgə inkişafı haqqında saziş layihəsini təsdiqləyib.
Trend-in məlumatına görə, bu barədə Rusiya Baş naziri Mixail Mişustinin imzaladığı sərəncamda əks olunub.
Sənəddə qeyd olunub ki, sazişin məqsədi “nəqliyyat əlaqələrinin səmərəliliyini artırmaq və "Şimal-Cənub" BND-nin qərb marşrutunun potensialını artırmaqdır”.
Rusiya və Azərbaycan sənədin tələbləri və iki ölkənin qanunvericiliyi nəzərə alınmaqla, tranzit daşımalar zamanı malların öz əraziləri üzrə sərbəst hərəkətini təmin edəcəklər. Gömrük nəzarəti qaydaları həm qanunvericiliklə müəyyən edilmiş razılaşmalara, həm də Moskva və Bakının iştirak etdiyi beynəlxalq müqavilələrə əsaslanacaq.
Sənəddə dəmir yolu infrastrukturu yeniləndikdən sonra hər il Rusiya Federasiyasından Azərbaycana daşınmalı olan yüklərin zəmanətli həcmi də müəyyən edilib. 2028-ci il yanvarın 1-dən yüklərin həcmi ən azı 5 milyon ton təkil edəcək, müvafiq qərar qəbul edildikdən sonra isə hər il 15 milyon tona yüksələcək.