Bakı. Trend:
Rabatın 4 orta məktəbində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Mərakeş Krallığına tarixi səfərinin 30 illiyinə və 2024-cü ilin “Yaşıl Dünya naminə Həmrəylik İli”nə həsr olunmuş tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Mərakeşdəki Səfirliyi, Rabatın Aqdal Riyad Meriyası və Rabat Regional Milli Məktəbəqədər Təhsil və İdman İdarəsinin sıx əməkdaşlığı şəraitində baş tutub.
Trend xəbər verir ki, Rabatın Aqdal Riyad rayonunun 4 məktəbində (Lycée des Orangers, Collège Mouad Bno Jabal, Collège Imam Alboukhari və L’Ecole la Belle Vue) Ulu Öndər Heydər Əliyevin Mərakeş Krallığına səfərinin 30 illiyi münasibətilə 30 ağac əkilib. Bu addım təbiətin qorunmasına töhfə ilə yanaşı, Azərbaycan və Mərakeş arasında dostluq və əməkdaşlığın möhkəmlənməsinə xidmət edir. Əlamətdar hadisənin və həmrəyliyin uzun illər yadda qalmasını təmin etmək məqsədilə hər bir məktəbdə xüsusi lövhə vurulub.
Tədbirdə Azərbaycan Respublikasının Mərakeşdəki Səfiri, Rabatın Aqdal Riyad Meri və Rabat Regional Milli Məktəbəqədər Təhsil və İdman İdarəsinin nümayəndəsi çıxış edərək Heydər Əliyevin Mərakeşə səfəri, COP29 çərçivəsində Mərakeşin Hökumət Başçısının Əziz Axanuşun Bakıda keçirdiyi görüşlər haqqında danışıblar. Eyni zamanda, tədbirin həm ətraf mühitin qorunması, həm də iki ölkə arasında dostluq münasibətlərinin daha da möhkəmləndirilməsi baxımından böyük əhəmiyyət kəsb etdiyi vurğulanıb.
Tədbir çərçivəsində məktəblilər tərəfindən nümayiş etdirilən səhnəciklər, rəsm əsərləri və xəttatlıq sənətinə dair təqdimatlar tədbir iştirakçılarının xoşuna gəlib.