Bakı. Trend:
Təhsil Tələbə Krediti Fondu tərəfindən son 3 ildə məzunlara bağışlanmış vəsaitin ümumi məbləği təqribən 444 min manat təşkil edir.
Trend xəbər verir ki, bunu Təhsil Tələbə Krediti Fondunun İdarə heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Bəhruz Əzimov media brifinqində deyib.
O bildirib ki, Təhsil Tələbə Krediti Fondunun yaratdığı imkanlardan faydalanmaq üçün yaş məhdudiyyəti yoxdur. 23 ailədə valideyn və övladlar da daxil olmaqla, ümumilikdə 69 nəfər, 1069 ailədə isə 2 nəfər daxil olmaqla, ümumilikdə 2318 nəfər tələbə adı qazanaraq TTK götürüb.
"TTK-dən yararlanmış 6500-dən çox tələbə məzun olub və götürdükləri kreditləri aylıq kiçik məbləğlərlə geri ödəməyə başlayıb. Sosial TTK almış 173 tələbənin Ümumi Orta Müvəfəqqiyyət Göstəricisi (ÜOMG) yüksək oduğuna görə götürdükləri kreditlərin tam yarısı dövlət tərəfindən bağışlanıb. 400-ə yaxın standart TTK almış məzunda isə bu güzəşt 25% təşkil edib. Hesabat dövrü ərzində təhsil göstəriciləri yüksək olan məzunlara bağışlanmış vəsaitin ümumi məbləği təqribən 444 min manat təşkil edir", - deyə o qeyd edib.