Bakı. Trend:
Özbəkistan və Azərbaycan arasında ticarət dövriyyəsi əhəmiyyətli artım nümayiş etdirir.
Trend-in məlumatına görə, bunu Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev Özbəkistanın Müstəqillik Gününü qeyd edərkən deyib.
"Ticarət, iqtisadiyyat və investisiya sahəsində əməkdaşlıq əlaqələrimizin əsas prioritetlərindəndir. Bu ilin 7 ayı ərzində qarşılıqlı ticarət dövriyyəsi 28% (135,4 milyon ABŞ dolları) artıb. Qarşıya qoyulan vəzifələrə uyğun olaraq dövlətlərimizin başçıları, hökumətlərimiz bu istiqamətdə zəngin potensialımızın reallaşdırılması üçün ardıcıl səylər göstərirlər”.
Şahin Mustafayev qeyd edib ki, iki ölkə rəhbərlərinin hər iki ölkənin biznes strukturlarının nümayəndələri ilə avqust ayında baş tutan görüşü bu baxımdan xüsusi diqqətə layiqdir.
“Ölkələrimizin prezidentləri 2025-ci ilin “Azərbaycan və Özbəkistan arasında iqtisadi əməkdaşlıq ili” elan edilməsi barədə razılığa gəliblər.
Onun sözlərinə görə, eyni zamanda, bir müddət əvvəl 500 milyon ABŞ dolları nizamnamə kapitalı ilə yaradılmış Birgə İnvestisiya Fondu da bu məqsədlərə xidmət edir.
“Sevindirici haldır ki, konkret layihələr artıq Fonda təqdim olunub”, - deyə baş nazirin müavini əlavə edib.