Bakı. Trend:
Almaniyanın Maqdeburq şəhərində Milad bazarına avtomobillə hücum edən şübhəli, Səudiyyə Ərəbistanında doğulmuş həkim Taleb əl-Əbdülmöhsənin İslam əleyhdarı, sağçı radikal və sionizm tərəfdarı olduğu müəyyən edilib.
Trend Almaniya KİV-ə istinadən xəbər verir ki, 50 yaşlı şübhəli 2006-cı ildən bəri Almaniyada yaşayır, bu ölkədə daimi yaşayış icazəsi var və Bernburq şəhərində həkim kimi fəaliyyət göstərir.
Onun sosial media hesablarında "Almaniyada İslamın yüksəlişindən narahat olduğunu" ifadə edən paylaşımlar etdiyi bildirilib.
Məlumata görə, şübhəlinin sosial media profilində tüfəng şəkli və Almaniyanı ölkə daxilində və xaricində "Səudiyyə qaçqınlarını ovlamaqda" və "Avropanı İslamlaşdırmaq istəyində" ittiham edən ifadələr yer alıb. O, hətta "Sokratın öldürülməsində Alman millətini məsul tutduğunu" bildirib.
Qeyd edək ki, Almaniyanın Maqdeburq şəhərində naməlum şəxsin idarə etdiyi avtomobili Milad yarmarkasındakı izdihamın üzərinə sürməsi nəticəsində, 4 nəfər ölüb, 200-dən çox insan xəsarət alıb.