...

Şərqi Avropa və Mərkəzi Asiyanın inşaat sektorunda enerjinin qorunması təşəbbüsü müzakirə olunub

Energetika Materials 2 Noyabr 2012 16:49 (UTC +04:00)
Sənaye və Energetika Nazirliyində "Şərqi Avropa və Mərkəzi Asiyanın inşaat sektorunda enerjinin qorunması təşəbbüsü" layihəsi ilə bağlı müzakirələr keçirilib.
Şərqi Avropa və Mərkəzi Asiyanın inşaat sektorunda enerjinin qorunması təşəbbüsü müzakirə olunub

Azərbaycan, Bakı, 2 noyabr /Trend/

Sənaye və Energetika Nazirliyində "Şərqi Avropa və Mərkəzi Asiyanın inşaat sektorunda enerjinin qorunması təşəbbüsü" layihəsi ilə bağlı müzakirələr keçirilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, respublikamızın iştirakçı ölkə olduğu Avropa Komissiyasının "Inogate" Proqramının Texniki Katibliyi tərəfindən "Şərqi Avropa və Mərkəzi Asiyanın inşaat sektorunda enerjinin qorunması təşəbbüsü" (ESIB) adlı layihə həyata keçirilməkdədir. Layihənin məqsədləri arasında tərəfdaş ölkələrə enerji səmərəliliyinin təşviqi üçün inşaat sektorunda enerji istehlakının azaldılmasına dəstək, alternativ enerji mənbələrindən istifadə, enerji təchizatının təhlükəsizliyinin artırılması, iqlim dəyişikliyi ilə mübarizədə ölkələrin aktiv iştiraklarının təmin edilməsi, qanunvericilik bazasının təkmilləşdirilməsinə yardım göstərmək və enerji səmərəliliyi sahəsində investisiyaları dəstəkləmək məsələləri əsas yer tutur.

Layihə Azərbaycan, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Özbəkistan, Tacikistan, Türkmənistan və Ukrayna dövlətlərini əhatə edir.

Adıçəkilən layihə aşağıdakı komponentləri özündə birləşdirir: binalarda enerji səmərəliliyinin artırılması məqsədilə ictimai şüurun inkişafına dəstək və məlumat təminatı; qanunvericilik sahəsində köməklik göstərilməsi; mövcud qanunvericilik bazasının nəzərdən keçirilməsi və lazımi yerdə yeni qanunvericilik və ya düzəlişlərin hazırlanmasına dəstək, mənzil sektorunda enerji səmərəliliyi və alternativ enerji layihələri üçün əlverişli investisiya mühitinin yaradılmasına köməklik göstərilməsi; bank sektoru üzrə təlimlərin keçirilməsi və layihələrin hazırlanmasına köməklik göstərilməsi, enerji auditi, inşaat texnologiyaları üzrə potensialın artırılması.

Qeyd edək ki, layihənin icrası ilə əlaqədar olaraq layihə rəhbəri Roberto Vayna cari ilin yanvar ayında ölkəmizdə səfərdə olub, Sənaye və Energetika Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, "Azəristiliktəchizat" ASC və ölkəmizdə fəaliyyət göstərən beynəlxalq maliyyə institutlarının nümayəndəliklərində bir sıra görüşlər keçirib.

Sənaye və Energetika Nazirliyində keçirilmiş görüş zamanı qonağa ölkəmizdə enerji səmərəliliyi sahəsində həyata keçirilən tədbirlər və nazirliyin bu sahədə qarşısında duran vəzifələr barədə ətraflı məlumat verilib, layihənin uğurla həyata keçirilməsi üçün layihə qarşısında duran vəzifələrə uyğun olaraq bizim üçün prioritet təşkil edən istiqamətlər üzrə aşağıda qeyd olunan təkliflər layihə rəhbərinə təqdim olunub. 30 oktyabr 2012-ci il tarixində isə layihənin rəhbəri Roberto Lo Çiçero Vayna, maliyyə eksperti Mark Lutz və layihə koordinatoru xanım Svetlana Timşina ölkəmizdə səfərdə olub, Sənaye və Energetika Nazirliyində görüşlər keçirilib və müzakirələr aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti