İranın nüvə problemi üzrə danışıqlarda əsas elçisi Səid Cəlili İran ilə "altılıq" arasındakı danışıqlardan əvvəl Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi xanım Ketrin Eştonla bazar ertəsi qısa görüş keçirib. Məlumatı IRNA yayıb.
"P5+1" qrupunun (BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü - ABŞ, Çin, Rusiya, Fransa, Böyük Britaniya və Almaniya) təmsilçisi Eşton açıq və səmərəli danışıqların keçirilməsinin vacibliyini qeyd edib.
O, bir ildən artıq müddətdə ilk dəfə davam etdirilən danışıqlarda müsbət nəticə əldə olunacağına ümid etdiyini bildirib.
Eşton gələcəkdə də "altılıq"la İran arasında əlavə danışıqların keçirilməsinə çağırıb.
Cəlili təkrar edib ki, İranın hüquqlarına riayət olunmalıdır və Cenerədəki danışıqlar ədalət və qarşılıqlı hörmət prinsiplərinə əsaslanmalıdır.
İranın "altılıq"la danışıqları 2009-cu ildə BAEA-nın İdarə Şurası səs çoxluğu ilə Qum şəhəri yaxınlığında uranın zənginləşdirilməsi üzrə ikinci zavodun inşasına görə İranı mühakimə edən qətnamə qəbul etdikdən və Tehranı "agentliyə bəyan edilməyən digər nüvə proqramlarının həyata keçirilməsi barədə qərar qəbul edilməməsi"ni təsdiq etməyə çağırdıqdan sonra dayandırılmışdı.
Noyabrın əvvəllərində İran nüvə proqramı üzrə danışıqların noyabrın 23-də və ya dekabrın 5-də İstanbulda keçirilməsini təklif edib. Bu təklif Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eştona ünvanlanan məktubda irəli sürülüb. Aİ İrana danışıqların Cenevrədə keçirilməsini təklif edib, Teharn bu təkliflə razılaşıb. Eşton təsdiq edib ki, o, "altılıq" ölkələrinin vasitəçisi kimi İran nümayəndələri ilə danışıqları dekabrın 6-7-də Cenevrədə aparacaq.