Bakı. Trend:
"Renault Group" və "Nissan Motor Co." çarpaz səhmlər baxımından daha çox çeviklik təmin edən yeni tərəfdaşlıq şərtləri üzərində razılığa gəliblər.
Trend xəbər verir ki, yeni razılaşmaya əsasən, tərəflər artıq hər biri 15% deyil, ən azı 10%-lik paya sahib olacaq. Hər iki şirkət öz paylarını azaltmaq hüququna malik olsa da, bunu etməyə borclu deyillər.
"Renault"un bəyanatına görə, şərtlərin dəyişməsi şirkətin əvvəllər "Nissan" səhmlərinin 28,4%-ni köçürdüyü Fransa etimadına (trasta) təsir etməyəcək. Hazırda etimad fondu "Nissan" səhmlərinin 18,66%-nə sahibdir.
Bundan əlavə, martın 31-də tərəfdaşlar açıqlayıb ki, "Renault", Hindistandakı "Renault Nissan Automotive India Private" müştərək müəssisəsində "Nissan"ın 51%-lik payını alaraq şirkətin yeganə sahibi olacaq. Hindistan biznesi isə "Nissan" modellərinin istehsalına davam edəcək.
Digər bir dəyişiklik isə "Nissan"ın "Renault"nun Avropadakı elektrik avtomobil bölməsi olan "Ampere"yə investisiya etmək öhdəliyindən azad olmasıdır. 2023-cü ilin iyulunda bağlanmış investisiya müqaviləsi ləğv ediləcək.
Qeyd edək ki, əvvəlcə "Nissan"ın "Ampere"yə 600 milyon avroya qədər vəsait yatıracağı gözlənilirdi.