...

Azərbaycan ilk dəfə olaraq Özbəkistanda keçirilən “Beynəlxalq teatr həftəliyi”ndə təmsil olunub (FOTO)

Mədəniyyət Materials 1 Aprel 2025 20:45 (UTC +04:00)
Azərbaycan ilk dəfə olaraq Özbəkistanda keçirilən “Beynəlxalq teatr həftəliyi”ndə təmsil olunub (FOTO)
Vüqar İmanov
Vüqar İmanov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Muqimi adına Özbəkistan Dövlət Akademik Musiqili Teatrında 27 – Mart Beynəlxalq teatr günü münasibətilə ilk dəfə olaraq Azərbaycan milli teatrına həsr olunmuş “Dostluq səhnələri” adlı tədbir keçirilib.

Trend xəbər verir ki, tədbirdə Azərbaycanın Özbəkistandakı səfirliyinin və Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşları, Özbəkistanın mədəniyyət və incəsənət xadimləri, Azərbaycan diasporunun üzvləri, tələbələr, yerli vətəndaşlar, jurnalistlər iştirak edib.

Muqimi adına Özbəkistan Dövlət Akademik Musiqili Teatrının direktor müavini Xayrulla İnağamov qonaqları salamlayaraq bildirib ki, Özbəkistan teatrları zaman-zaman klassik Azərbaycan musiqili komediyalarına müraciət edib, həmişə də uğur qazanıb. Azərbaycan müəlliflərinin əsərləri əsasında səhnələşdirilən tamaşalar həmişə anşlaqla keçib. Azərbaycan Dövlət Musiqili Komediya Teatrı və digər Azərbaycan teatrları ilə geniş əlaqələrinin olduğunu və iki il əvvəl Bakıda Məcid Şamxalovun “Qaynana” komediyası ilə qastrol səfərində olduqlarını bildirən X.İnağamov, tamaşalarının uğurla keçdiyini, yerli tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılandıqlarını qeyd edib.

X.İnağamov bugünkü konsert-tamaşa proqramının da Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə əməkdaşlıq çərçivəsində həyata keçirildiyini bildirib.

Daha sonra çıxış edən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli isə bildirib ki, məlum olduğu kimi, 10 mart ölkəmizdə “Azərbaycan milli teatr günü” kimi qeyd olunur. Azərbaycan teatrının əsası 1873-ci ildə qoyulub və 152 il ərzində böyük inkişaf yolu keçib.

Azərbaycan teatrı bütün Şərqdə, o cümlədən Özbəkistanda teatrın yaranması və inkişafına böyük töhfə verib. Həm Azərbaycanda, həm də Özbəkistanda teatrın yaranması məhz mart ayında formalaşıb və bu bir daha dostluğumuzun və qardaşlığımızın yaxınlığından xəbər verir. Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanda Azərbaycan teatrının təbliği sahəsində bir çox işlər görməkdədir. Belə ki, bu yaxınlarda Mədəniyyət Mərkəzində gənclərdən ibarət Teatr Truppası yaradılmış və bu truppanın aktyorları tərəfindən azərbaycanlı müəlliflərin pyesləri səhnələşdirilir. Bununla yanaşı klassik və müasir azərbaycanlı müəlliflərin pyeslərinin də özbək dilinə tərcümə edilərək teatrlara verilməsi işinə də Mədəniyyət Mərkəzi tərəfindən start verilmişdir. A.Marifli Muqimi adına Özbəkistan Dövlət Akademik Musiqili Teatrı ilə əməkdaşlığın teatr sahəsindəki əlaqələrimizin daha da genişlənməsinə, Azərbaycanla Özbəkistan arasında mədəni əlaqələrin daha da inkişafına töhfə verəcəyini bildirib.

Konsertdə Muqimi teatrının aktyorları tərəfindən Üzeyir Hacıbəylinin “Arşın mal alan”, Məcid Şamxalovun “Qaynana”, Azərbaycan Mədəniyyət Mərkəzinin Teatr Truppası tərəfindən isə “O olmasın bu olsun”, musiqili komediyalarından səhnələr göstərilib. Azərbaycan Mədəniyyət Mərkəzinin “Azərbaycan” rəqs ansamblı da adı çəkilən komediyalarda musiqili kompozisiya və rəqs nömrələri ilə yaxından iştirak edib.

Konsert rəqs və aktyor heyətinin ifasında “Biz mehriban ailəyik” mahnısı ilə başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti