...

Sökülən binalarda kompensasiya necə hesablanır?

İqtisadiyyat Materials 1 Aprel 2025 21:00 (UTC +04:00)
Sökülən binalarda kompensasiya necə hesablanır?
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Son illər Bakıda köhnə mənzillərin sökülməsi və yerində yeni binaların tikilməsi ilə əlaqədar bir çox layihə həyata keçirilir. Bu proses, əsasən, şəhərin infrastrukturu və yaşayış şəraitini yaxşılaşdırmaq məqsədilə aparılır. Köhnə və keyfiyyətsiz binalar sökülərək, onların yerində müasir, çoxmərtəbəli binalar tikilir.

Bu layihələrdə sakinlərə kompensasiya ödənilir. Kompensasiya məbləği bəzən bazar dəyərinə uyğun olaraq təyin edilir və sakinlərə pul şəklində ödənilir. Həmçinin, bəzən sakinlərə yeni tikilən binalarda mənzil təklif olunur.

Lakin bu proses də gərginliklərə səbəb olur, çünki köhnə binalarda yaşayan insanlar üçün yeni mənzil almaq və ya təklif edilən kompensasiyanın məbləği kifayət etməyə bilər. Dövlətin bu sahədə aparılan layihələrə nəzarət etməsi, sakinlərin hüquqlarını qorumağa yönəlmiş tədbirlər görməsi vacibdir.

Məsələlə ilə bağlı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, iqtisadçı-ekspert Vüqar Oruc Trend-ə açıqlamasında deyib ki, sökülən binalarda əmlakı olan şəxslərə kompensasiyanın ödənilməsi qanunamüvafiq hesablanır.

"Hansısa söküntü planlaşdırılırsa, söküntüdən əvvəl ərazidə qiymətləndirmə prosesinin aparılması üçün satınalma elan olunur. Satınalmada qiymətləndirici şirkətlər müraciət edir və şəffaf şəkildə onların içərisindən qiymətəndirmə şirkəti müəyyən olunur.

Şirkətlər həmin ərazidə bir kvadratmetr söküntü sahəsinin kompensasiyasının dəyərini müəyyənləşdirir. Bundan sonra müəyyən olunmuş dəyərə uyğun olaraq vətəndaşlara kompensasiya verilir. Bu proses müəyyən qanunlara, normativlərə və qiymətləndirmə haqqında qanuna uyğun şəkildə həyata keçirilir.

Vətəndaşların MTK və podratçı şirkətlərlə, o cümlədən, sahibkarlarla özlərinin birbaşa razılaşma ikanları və hüquqları olsa da, məqsədəduyğundur ki, bu proses qiymətləndirmə şirkətlərinin iştirakı ilə həyata keçirilsin. Çünki qiymətləndirmə şirkətləri real bazar qiymətlərini müəyyən etmək üçün ən yaxşı və uyğun alətdir.

Qiymətləndirmə şirkətlərinin xidməti nəticəsində tərəfsiz, obyektiv qiymətin müəyyən olunmasının həyata keçirilməsi mümkündür. Bu günə qədər bu istiqamətdə Azərbaycan hökuməti və müvafiq instansiyalar şəffaflığın təmin edilməsi istiqamətində ciddi addımlar atıblar".

V.Oruc qeyd edib ki, bəzən vətəndaşlar söküntü nəticəsində verilmiş kompensasiyanın onlara harada mənzil əldə etmək imkanı verəcəyi prizmasından yanaşırlar. Qiymətləndirici şirkətlər isə real bazar dəyərini müəyyən edərək vətəndaşlara kompensasiya ödənilməsini təmin edirlər. Və ya alternativ yaşayış mənzilləri təklif edirlər ki, həmin ərazilərdə binalar tikiləndən sonra vətəndaşlar təmin olunsunlar. Kompensasiya heç bir halda nə vətəndaşın, nə də müvafiq dövlət strukturunun mövqeyinə görə müəyyənləşdirilə bilməz. Belə ki kompensasiya real bazar qiymətlərini özündə ehtiva etməlidir.

Əmlak məsələləri üzrə ekspert Orxan Rüstəmov bildirib ki, kompensasiyalar təyin olunarkən əmlakın xüsusiyyətləri, yerləşdiyi ərazi və bazar qiyməti ayrı-ayrılıqda nəzərə alınmalıdır.

"Bakıda inşa olunan binalarda, əsasən, əvəzləşdirmə qaydasında razılıq əldə olunur. Belə ki, sökülən ərazidə kimin evi varsa, orada bina tikilirsə, həmin şəxsin mövcud əmlakına uyğun 20 faizlik rəqəm də nəzərə alınmaqla mənzillə təmin olunması həyata keçirilir.

Ancaq istisna hallar həmişə olur. Onlar mənzil deyil, sökülən mənzillərin qarşılığında pul istəyirlər. Bəzən olur ki, binanı tikən tikinti şirkəti mənzili sökülən şəxsə az vəsait təklif edir. Elə də olur ki, mənzil sahibi investordan mənzilinin dəyərindən artıq pul istəyir. Bu hallar narazılığa gətirib çıxarır. Belə hallar olmasın deyə, investorla mülkiyyətçi arasında razılaşma olmalıdır. Əgər əmlak sahibləri təklif olunan kompensasiyanı yetərli hesab etmirlərsə, onlar müvafiq məhkəməyə müraciət edərək, daha yüksək təzminat tələb edə bilərlər. Bu hallarda, mübahisələrin həlli hüquqi müstəvidə aparılır", - deyə ekspert qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti