...

200 balla universitetə qəbul olunan abituriyentin qiyməti heç 2 də deyil - Sədr

Gündəm Materials 31 Avqust 2023 15:22 (UTC +04:00)
200 balla universitetə qəbul olunan abituriyentin qiyməti heç 2 də deyil - Sədr
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Ali məktəblərə qəbul imtahanında balların bu qədər aşağı düşməsi yaxşı əlamət deyil.

Bunu Trend-ə Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov deyib

O bildirib ki, elə ixtisaslar var ki, orada xeyli sayda boş yerlər qalıb.

"İkinci tur üzrə ixtisas seçiminə sentyabrın 4-dən etibarən start veriləcək. Bu da onu göstərir ki, bütövlükdə plan yerlərinin dolmasında da ciddi problemlər var. Biz gənclərin universitetlərə qəbul olmaq imkanlarını artırmalıyıq. Universitetlərə qəbul olmaq üçün ən yüksək bal 700-dür. 200 balla universitetə qəbul olunan abituriyentin 5 qiymətləndirmə ilə qiyməti heç 2 də deyil. Bu balla universitetə qəbul olunmuş tələbə məzun ola biləcək?"

İ.Orucov qeyd edib ki, bizim xeyli perspektivli gənclər təhsil almaq üçün dünyanın fərqli ölkələrində təhsil almağa daha çox üstünlük verirlər:

"Bu ciddi faktor kimi özünü göstərməkdədir. Bir çox gəncin ölkə universitetlərini seçməməsi belə nəticələrə gətirib çıxarır. Universitetlərdə tələblər indikindən çox sərt olmalıdır. Beləcə, tələbələr də öz məsuliyyətlərini başa düşəcəklər. Lakin cəmiyyətimizdə belə fikir formalaşıb ki, 200 balla universitetə daxil olan şəxs hansısa güzəştlər əldə edəcək və məzun olacaq".

Sədr bildirib ki, hazırda ölkədə kifayət qədər insan diplomlu və işsizdir.

"Bu, kifayət qədər düşündürücüdür. Bəzi ixtisasların ballarının gözlənilməz dərəcədə aşağı düşməsi həmin ixtisaslara gələcəkdə əmək bazarında tələbin aşağı düşməsindən də qaynaqlana bilər. Amma burada problem bununla bağlı deyi. Burada həm test suallarının çətinliyi müzakirə mövzusu ola bilər.

Hərçənd ki, Dövlət İmtahan Mərkəzi şəffaf qurumdur. Tərtib olunan suallar proqram məzmununun çərçivəsində qurulur. Amma məsələ ondan ibarətdir ki, həmin sualların Dövlət İmtahan Mərkəzi tərəfindən tərtib olunması kifayət qədər problemlər yaradır. Eyni zamanda, biz dərs prosesində təhsilin məzmununa yanaşmanı dəyişməliyik", - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti