Azərbaycan, Bakı, 03 avqust / Trend , muxbir K.Zərbalıyeva /
Azərbaycanda prokurorluq orqanlarına 60 vakant yer üzrə elan olunmuş müsabiqə ilə əlaqədar sənəd qəbulu davam edir.
Baş Prokurorluğun mətbuat xidmətindən bazar ertəsi Trend -a verilən məlumata görə, prokurorluq orqanlarına işə qəbul olunmaq arzusunda olan şəxslər tələb olunan sənədləri Baş Prokurorluğun inzibati binasının qəbul otağında (Bakı şəhəri, Nigar Rəfibəyli küçəsi 7) 2009-cu il sentyabrın 18-nə qədər hər gün (istirahət və bayram günləri istisna olmaqla) saat 09.30-dan saat 17.30-dək təqdim etməklə müsabiqədə iştirak edə bilərlər.
Müsabiqənin test imtahanının vaxtı və yeri, imtahan sualları toplusunun əldə olunması qaydası, toplunun hazırlanmasında istifadə olunan normativ aktların siyahısı və digər məlumatlar barədə namizədlərə sənədlərin qəbulu prosesi başa çatdıqdan sonra məlumat veriləcək.
Prokurorluğa işə qəbul olunmaq istəyən hər bir namizədin hazırlığının, bilik səviyyəsinin, ümumi dünyagörüşünün, prokuror və ya müstəntiq vəzifəsinə yararlığı və layiqliyinin müəyyən edilməsi məqsədi ilə aşkarlıq şəraitində, şəffaf üsullarla, beynəlxalq tələblərə uyğun keçirilən ixtisas imtahanları (test və yazılı imtahanlar) və söhbətdən ibarət müsabiqə təşkil ediləcək.
Müsabiqədə bərabər nəticələr əldə etmiş şəxslərdən xarici dilləri mükəmməl bilənlərə üstünlük veriləcək.
Prokurorluğa işə sənədlərini verənədək 30 yaşına çatmamış Azərbaycan Respublikası vətəndaşları qəbul olunurlar.
Sənəd qəbulu sentyabrın 18-dək davam edəcək.
Prokurorluq orqanlarına keçirilən son müsabiqə ilə 79 nəfər işə qəbul olunub. 2002-ci ildən başlayaraq prokurorluq orqanlarına 293 nəfər gənc hüquqşünas işə qəbul olunub. Bu isə prokurorluq əməkdaşlarının 30 faizindən çoxunu təşkil edir.
Məqalə muəllifi ilə əlaqə unvanı: [email protected]
Azərbaycanda prokurorluq orqanlarına vakant yerlərə sənəd qəbulu davam edir
Azərbaycanda prokurorluq orqanlarına 60 vakant yer üzrə elan olunmuş müsabiqə ilə əlaqədar sənəd qəbulu davam edir.
