Azərbaycan, Bakı, 2 fevral /Trend, müxbir S.Ağayeva/
Azərbaycanın İordaniyadakı səfiri Elman Araslı İordaniya Parlamentinin Yuxarı Palatasının sədri Tahir Masri ilə parlamentlərarası əməkdaşlıq perspektivlərini müzakirə edib. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın bu ölkədəki səfirliyindən məlumat verilib.
Görüşdə Azərbaycan-İordaniya parlamentləri arasında əməkdaşlığın inkişaf etdirilməsi, parlament sədrlərinin qarşılıqlı səfərlərinin təşkili, o cümlədən parlamentlərarası dostluq qrupunun yaradılması məsələləri müzakirə olunub.
Tahir Masri 2008-ci ildə Senatın sədrinin birinci müavini olarkən Azərbaycan Respublikası Parlamentinin 90 illiyi münasibətilə keçirilmiş təntənəli mərasimdə iştirak etmiş İordaniya parlamenti nümayəndə heyətinə başçılıq etdiyini, ölkəmizə olan səfəri çərçivəsində Azərbaycan Respublikası Prezidenti İlham Əliyev və Milli Məclisin sədri Oqtay Əsədov tərəfindən qəbul edildiyini xoş sözlərlə xatırlayıb.
İordaniya Senatının sədri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair ölkəsinin Azərbaycanın haqlı mövqeyini daim dəstəklədiyini və bundan sonra da dəstəkləyəcəyini birmənalı olaraq vurğulayıb.
Görüşdə, həmçinin son zamanlar Tunis və Misirdə cərəyan edən hadisələr, habelə İordaniyada hazırkı siyasi və ictimai vəziyyət haqqında fikir mübadiləsi aparılıb.