...

Mübariz Əhmədoğlu: Avropa İttifaqının Ermənistanla bağlı biabırçı iflasında Ştefan Füle və Avropa Xalq Partiyası müstəsna rol oynayıb

Siyasət Materials 12 Sentyabr 2013 12:55 (UTC +04:00)
Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” layihəsində Ermənistanın mövqeyi 180 dərəcə dəyişməsi, Gömrük İttifaqına girməsi Avropa İttifaqında şok yaradıb.
Mübariz Əhmədoğlu: Avropa İttifaqının Ermənistanla bağlı biabırçı iflasında  Ştefan Füle və Avropa Xalq Partiyası müstəsna rol oynayıb

Azərbaycan, Bakı, 12 sentyabr /Trend, müxbir İ.İzzət/

Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" layihəsində Ermənistanın öz mövqeyini 180 dərəcə dəyişərək Gömrük İttifaqına daxil olması Avropa İttifaqında şok yaradıb.

Bunu Trend-ə açıqlamasında Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Onun sözlərinə görə, əslində bu şokun müəllifi elə Avropa İttifaqı özüdür:

"Ştefan Füle Ermənistanda insan ölümü ilə nəticələnmiş antidemokratik bələdiyyə seçkilərindən bir gün sonra Yerevana gəldi, 60 milyon avroluq çek təqdim etdi, seçkilərin demokratik keçirildiyini bildirdi. Seçkilərdəki qanun pozuntularını avropalı müşahidəçilərin qeydə almamasının səbəbkarı Füledir. Ermənistan Dağlıq Qarabağ məsələsində nə "çaldısa", Füle ona "oynadı". Bu avropalı komissar Qarabağ məsələsilə əlaqəli Aİ-nin mövqeyini Ermənistanın maraqlarına uyğun olaraq üç dəfə dəyişdirib. Füle Ermənistan siyasətçilərindən biri kimi Rusiyanı Ermənistana baha qaz satmaqda ittiham etdi. O nəzərə almadı ki, Rusiyanın Ermənistana satdığı qazın qaldırılmış qiyməti Avropa bazarından 1,5 dəfə ucuz idi. Avropalı komissar Ermənistana qaz satışı məsələsində Avropanın yüksək dəyər verdiyi bazar iqtisadiyyatı prinsiplərini deyil, Ermənistanın maraqlarını müdafiə etdi."

Politoloqun fikrincə, Füle işğalçı erməni millətçisi kimi çıxış edir: "Füle Azərbaycana silah satdığına görə Rusiyanı kəskin ittiham etdi. Bu məsələdə o, əsl işğalçı erməni millətçisi kimi çıxış etdi, Rusiyanın Ermənistan ərazisində hərbi bazasının olmasını, Moldovanın Ermənistana raket satmasını görmədi. Avropalı komissar və Avropa Xalq Partiyası forpost Ermənistanın Rusiyadan uzaqlaşıb Aİ-yə yaxınlaşması mexanizmini tədqiq etmədilər, ermənilərin yalanları qarşısında tam təslim oldular. Bundan əlavə, Füle 2013-cü ilin yanvarından Ermənistanın Avrasiya İqtisadi Komissiyasına (AİK-ə) üzv olmaq haqqında ərizə verməsi faktını nəzərə almadı. Həm Şərq Tərəfdaşlığı, həm də Gömrük İttifaqı üzvləri içərisində Ermənistan AİK-ə üzvlülüklə bağlı ərizə verən yeganə dövlətdir. Gömrük İttifaqı üzvləri AİK-i təsis etsələr də, bu quruma üzv olmaq haqqında müraciət etməyiblər. Evi tikmək hökmən o evdə yaşamaq anlamına gəlmir. Ermənistanın ərizə verdiyi AİK isə keçmiş SSRİ Nazirlər Sovetinin prototipidir. Başqa sözlə, Ermənistanı yaxın gələcəkdə prezident və ya baş nazir deyil, AİK sədri (Viktor Xristenko) idarə edəcəkdir."

Mərkəzin direktoru hesab edir ki, Avropa Xalq Partiyası Serj Sarqsyanın diktəsilə Azərbaycan əleyhinə qətnamələr qəbul edəndə bilərəkdən və ya bilməyərəkdən Rusiyanın planlarına xidmət edirdi: "Avropa Xalq Partiyası Serj Sarqsyanı bütün Ermənistanla eyniləşdirdi. Ermənistandan AXP-yə üç partiya üzv olsa da, sammitlərinə yalnız prezident və "Respublika" partiyasının sədri Serj Sarqsyanı dəvət edilirdi. Hətta müxalifətçi "İrs" partiyasını qətiyyətlə rədd edirdi."

Politoloqun sözlərinə görə, Avropanın Sarqsyana belə münasibəti erməni prezidentin "Ənvər Sadat-2" layihəsi olmasını yada salır. Onların davranışından həm də bu qənaətə gəlmək olar ki, Rusiyanın forpostu olan Ermənistan vasitəsilə Şərq Tərəfdaşlığı Proqramının biabırçı duruma salınmasında Füle və Avropa Xalq Partiyasının bəzi rəhbərləri iştirak ediblər: "Avropa İttifaqının Ermənistan istiqamətindəki səhv siyasəti indi Ukrayna üçün böyük problem yaradıb. Ermənistan üzərində qələbə qazanmış Rusiya böyük ruh yüksəkliyilə Ukraynanın üzərinə hücumunu daha da gücləndirəcək. Avropanın Şərq Tərəfdaşlığı Proqramının iflası son anda tam aydın idi və demək olar ki, rəsmiləşmişdi. Bu iflası rəsmiləşdirənlər Füle və Avropa Xalq Partiyası idi. Azərbaycan Ermənistan üçün mühüm bir dövrdə ona ucuz qaz satmağa və regional iqtisadi layihələrə qoşmağa hazır olduğunu bildirdi. Vaxtilə Ukrayna və Belarusu RF-in təzyiqlərindən xilas etmiş Azərbaycan regional proseslərin mahiyyətini çox gözəl bilir. Ermənistanın Azərbaycanın ucuz qaz və digər iqtisadi təkliflərinə münasibət bildirməməsini anlamaq olar. Lakin faciə orasındadır ki, Azərbaycanın bu təkliflərinə Avropadan və ABŞ-dan heç bir dəstək gəlmədi."

Əhmədoğlunun qənaətincə, məsələni təhlil edərkən qəribə nəticə alınır: "Avropalılar öz əllərilə Şərq Tərəfdaşlığı Proqramını tələf edirlər, səbəbini isə Rusiyada axtarırlar. Hər halda Avropadakıların ya obyektiv olmadıqlarını, ya da IQ (intellkt səviyyə) indekslərinin xeyli aşağı olduğunu qəbul etməliyik. Avropalılar erməniləri özlərinə oxşatmaqdansa, özləri ermənilərə oxşadılar. Avropa İttifaqının Ermənistana inanması və bunun nəticəsində səhv siyasət aparması Cənubi Qafqaz regionunu böyük təhlükə ilə üzləşdirib. Avropa siyasətçiləri buraxılan səhvləri ciddi analiz etməli, səhvin müəlliflərini ciddi cəzalandırmalı, Cənubi Qafqaz regionunda təhlükəsizliyin gücləndirilməsi barədə ciddi və təcili addımlar atmalıdırlar."

Politoloqun sözlərinə görə, Ermənistanın Rusiyayönümlü siyasəti onun Gürcüstana indiki münasibəti fonunda Gürcüstan üçün əlavə təhlükə mənbəyinə çevrilir. Ermənistan özünün Avropa İttifaqı ilə birlikdə səhvinin "obyektiv" olduğunu göstərmək üçün düşdüyü bəlaya Gürcüstanı da qoşa bilər: "Gürcü-abxaz dəmiryolunun açılmasında Ermənistanın ardıcıl səyləri Ermənistanın Gürcüstana müharibə elan etməsinə gətirib çıxaracaq. Eləcə də Rusiya Gürcüstana hücum etməyi Ermənistana təklif edə bilər. İndi etiraf edirlər ki, 2008-ci ilin avqust hadisələri zamanı Rusiya Gürcüstana hücum etməyi Ermənistana təklif etmişdi, Ermənistan isə bunu rədd etmişdi. Xatırladaq ki, bizim mərkəz o vaxt belə təklifin mövcudluğu barədə məlumat yaymışdı. O zaman buna inanmadılar, indi isə həm Ermənistanda, həm də Gürcüstanda bunu etiraf edirlər. Ermənistan Gürcüstanın Cavaxetiya regionunu işğal edir, Rusiya isə Şimali Osetiya istiqamətindən işğal etdiyi Gürcüstan ərazilərinin miqdarını artırır. Nəhayət Ermənistanla Rusiya arasında birbaşa coğrafi əlaqə yaranır. Gürcüstanın baş naziri B.İvanişvilinin Avrasiya layihəsinə qoşulmasını mümkün hesab etməsi Rusiya ilə Ermənistanın coğrafi cəhətdən birləşməsinin mümkünlüyü ehtimalını xeyli artırır."

Mərkəzin direktoru hesab edir ki, Gürcüstan işğal ediləcəksə, ilk növbədə Avropa İttifaqı bundan zərər çəkəcək: "Azərbaycandan Avropaya gedən kəmərlərin fiziki fəaliyyəti ilk dövrlərdə dayandırılacaq. Avropa və digər Qərb rəsmilərini vəziyyəti ciddi tədqiq etməyə çağırır, yaranmış vəziyyətdə Aİ və digər Qərb ölkələrinin və strukturlarının diplomatik nümayəndəliklərinin Ermənistan ərazisindəki fəaliyyətinin dondurulmasını təklif edirik. Bu nümayəndəliklər Gürcüstan ərazisinə köçürülsə, çox yaxşı olar. Rusiyanın Cənubi Qafqaz regionundan Qərbin maraqlarını qovmayacağına inananlar sadəlövhlərdir. Rusiya Suriyadakı uğurunu qorumaq, genişləndirmək üçün o, ümumilikdə Qafqazda arxasını möhkəmləndirməlidir. Ona görə Cənubi Qafqaz tam Rusiyanın təsiri altına düşməlidir. Ermənistan bu işdə onun əlində ən böyük alətdir. "Ermənistan" adlı aləti bu vaxtadək qoruyub saxlayan isə Avropa İttifaqıdır. Avropa İttifaqı və Qərb indi Ermənistanı cilovlaya bilməyəcəklərsə, özlərinin bu regiondan getmələri barədə düşünmələri məsləhətdir. Dağlıq Qarabağ problemini bu işlərə qatmasınlar. Qarabağ cinayətinin yaranmasında onlar da ermənilərin şəriklərindəndir. Özlərini qorusunlar."

Məqalədə:
Xəbər lenti

Xəbər lenti