Azərbaycan, Bakı, 25 fevral /Trend/
"AIESEC Azərbaycan" beynəlxalq staj keçmə proqramı üzrə növbəti tələbə yığımı elan edir. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Gənclər və İdman Nazirliyinin məlumatında deyilir.
Hazırda AIESEC təşkilatı dünyanın 110 ölkəsində 1300-dən çox universitetin 38 min tələbə və məzunlarını əhatə edən, BMT-də məsləhətçi statusu olan ən böyük tələbə təşkilatıdır. AIESEC gənclərin şəxsi və professional inkişafına istiqamətlənmiş bütün təşəbbüslərini müxtəlif təhsil və təlim layihələri, müxtəlif ölkələrdə təşkil olunan konfranslar və beynəlxalq tələbə mübadiləsi proqramlarından istifadə edərək dəstəkləyir və gələcək inkişafına çalışır.
Azərbaycan Respublikasının AIESEC beynəlxalq təşkilatına üzvlüyünün əhəmiyyətini nəzərə alaraq, gənclərin inkişafına kömək məqsədilə nümayəndəlik bu beynəlxalq təşkilata 2006-cı ildə Gənclər və İdman Nazirliyinin dəstəyi ilə üzv olub, 2009-cu ildə isə "AİESEC Azərvaycan" tam hüquqlu üzv statusu əldə edib. Təşkilat tərəfindən 2006-cı ilin iyun ayında "Karyera günləri", 2007-ci ilin iyun ayında 50 nəfər xarici nümayəndənin iştirak etdiyi 5-ci Qara dəniz Gənclər Konqresi, 2008 və 2009-cu ilin may aylarında isə "Global Village" mədəni festivalı təşkil edilib, bununla yanaşı, bir sıra xarici ölkələrlə mübadilə proqramları həyata keçirilib.
Dünyanın ən böyük tələbə təşkilatı olan AIESEC-in Azərbaycan nümayəndəliyi öz üzvlərinin sayını artırmaq və onun qlobal mübadilə proqramı əsasında xaricdə staj keçmək istəyən tələbə və ya yenicə universitetlərdən məzun olmuş gənclər üçün qəbul elan edir.
AIESEC üzvləri təşkilatda aktiv iştirak etməklə gələcək həyat və karyeralarına böyük təsir göstərə biləcək dəyərli təcrübə əldə edəcəklər. Üzvlüyə qəbul olmuş insanlar AIESEC-də öz liderlik qabiliyyətlərini inkişaf etdirməklə yanaşı, dünyanın istənilən nöqtəsindən dostlar əldə edəcək, fərqli mədəniyyətlərlə tanış olacaq və baxış imkanlarını genişləndirəcəklər.
"AIESEC Global Mübadilə" proqramına qəbul olmuş tələbələr və yenicə məzun olmuş gənclər isə AIESEC-in yerləşdiyi 110 ölkədə müxtəlif sahələr üzrə şirkətlərdə staj keçə bilərlər. Bu şirkətlər həmin ölkələrdə yeni yaranmış kiçik şirkətdən tutmuş, dünyanın nəhəng şirkətlərindən biri də ola bilər. Qeyd edək ki, əksər hallarda bu xərclər xaricdəki bütün xərcləri qəbul edən şirkət tərəfindən ödənilir.
Müraciət üçün son tarix 3 mart 2011-ci ildir.
Əlavə məlumat və anket üçün: /www.aiesec.az/