...

Sankt-Peterburqda yaşayan azərbaycanlı ziyalıların görüşü keçirilib

Cəmiyyət Materials 6 Avqust 2011 10:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 avqust /Trend/

Rusiya Təhsil Akademiyasının Smolnıy İnstitutunda Dünya Azərbaycanlılarının III Qurultayının iştirakçıları - Sankt-Peterburqda yaşayan azərbaycanlı ziyalıların görüşü keçirilib.

Azərbaycanın Sankt-Peterburq şəhərindəki Baş Konsulluğunun mətbuat xidmətindən şənbə günü Trend-ə verilən məlumata görə, tədbirin məqsədi III Qurultayın yekunlarını və yaxın dövr üçün fəaliyyət planını müzakirə etmək, Azərbaycan Prezidenti İlham Əliyevin qurultaydakı çıxışında səslənmiş "səfirliklər və diaspor təşkilatları arasında əməkdaşlıq daha güclü və məqsədyönlü olmalıdır" fikri ilə əlaqədar qarşıda duran məqsəd və vəzifələrin reallaşdırılmasına dair fikir mübadiləsi aparmaq idi.

Tədbirdə fəlsəfə elmləri doktoru, professor, Smolnıy İnstitutunun rektoru, Sankt-Peterburqun Elm, Təhsil və İncəsənət Xadimləri Birliyinin sədri Heydər İmanov, "Arsenal" maşınqayırma zavodunun baş direktorunun birinci müavini, texniki elmlər doktoru, Sankt-Peterburqun Elm, Təhsil və İncəsənət Xadimləri Birliyinin sədr müavini Faiq Əskərov, Sankt-Peterburq çini qablar zavodunun baş direktoru Məzahir Həsənov, "Universtroy" tikinti şirkətinin baş direktoru Adil Şahmarov, Nevski rayon bələdiyyə deputatı Elşad İmanov, Petroqradski rayon bələdiyyə deputatı Sabir Məsimov, hüquq şirkətinin direktoru, Sankt-Peterburq Vəkillər Kollegiyası Birliyinin üzvü, vəkil Xəqani Əliyev, Sankt-Peterburq Azərbaycanlı Qadınlar Birliyinin sədri Sahibə Rzayeva və başqaları iştirak edib.

Görüş iştirakçıları son yarım ildə Sankt-Peterburqdakı diaspor daxilində baş vermiş hadisələrə təəssüflərini bildiriblər. Diaspor rəhbərliyinin fəaliyyəti ilə bağlı bir sıra tənqidi fikirlər səslənib. Qeyd edilib ki, Sankt-Peterburq Azərbaycanlıları Cəmiyyətinin Təşəbbüs Qrupunun qərarına uyğun olaraq, Sankt-Peterburq Azərbaycanlıların milli-mədəni muxtariyyətinə yeni rəhbər heyətin seçilməsi ilə əlaqədar sentyabr-oktyabrda keçiriləcək konfransa Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov dəvət olunub.

İclasda Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının III Qurultayına tövsiyələri Sankt-Peterburq azərbaycanlıları qarşısında duran vəzifələrin yerinə yetirilməsi üçün vahid strateji xətt kimi qəbul edilib.

Xəbər lenti

Xəbər lenti