...

ARDNŞ "Neft daşları"nda baş verən ölüm hadisəsinə aydınlıq gətirib

Cəmiyyət Materials 17 Mart 2014 12:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 mart /Trend, müxbir E.İsmayılov/

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) "Neft daşları"nda baş verən ölüm hadisəsinə aydınlıq gətirib.

Trend-in ARDNŞ-nin saytına istinadən verdiyi məlumata görə, martın 15-də saat 15:15 radələrində "Neftqaztikinti" trestinin 7 saylı Tikinti Quraşdırma İdarəsinin təmir briqadası tərəfindən "Azneft" İB-nin "Neft Daşları" NQÇİ-də təmir işləri aparılarkən işçilərin üzərində olduğu ferma estakadadan qoparaq 4 nəfər işçi ilə birlikdə dənizə düşüb.

3 nəfər quraşdırıcı - Səfədur Zəkərəliyev, Mənsim İmanov, Mais Süleymanov iş yerində olan xilasedicilərin və işçi yoldaşlarının köməkliyi ilə dərhal sudan çıxarılaraq Neft Daşlarındakı Tibb-sanitar hissəsinə çatdırılıblar, vəziyyətləri normaldır.

Suya düşənlərdən bir nəfəri - "Neftqaztikinti" trestinin 7 saylı TQİ-nin V dərəcəli quraşdırıcısı, 1956-cı il təvəllüdlü Hacıyev Musa Mirzəhüseyn oğlu isə dənizdə itkin düşüb. Dalğıc gəmiləri hadisə yerinə səfərbər olunub, axtarış işləri nəticəsində M.Hacıyevin cəsədi 19:00 radələrində dənizdən çıxarılaraq sahilə göndərilib.

Hadisə ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidmətinin əmri ilə yaradılmış komissiya araşdırmalara başlayıb. Araşdırmanın nəticələri haqqında ictimaiyyətə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti