Azərbaycan, Bakı, 14 may /Trend, müxbir E.Mehdiyev/
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yataqxanasının yerində inşa olunan yeni 4 korpuslu binanın 2 korpusunda ehtiyacı olan gənc alimlərə yer ayrılacaq. Trend-in məlumatına görə, bu barədə AMEA prezidenti Akif Əlizadə jurnalistlərə açıqlamasında deyib.
A.Əlizadə güman etdiyini bildirib ki, bu bunanın tikintisi bu ilin sonuna qədər yekunlaşacaq: "12-13-cü mərtəbənin tikintisi gedir və hər hansı bir problem yoxdur. Güman edirəm ki, gələn ildən gənc alimlər evlərlə təmin oluna bilərlər".
AMEA-nın Gənclər Şəhərciyi layihəsinin Tədbirlər Planından çıxarılması barədə suala cavab verən A.Əlizadə qeyd edib ki, belə bir fikir yoxdur.
Onun sözlərinə görə, hazırda Bakı şəhər İcra Hakimiyyəti ilə birgə gənclər şəhərciyinin inşası üçün yer axtarılır.